"Daha bir tarix yazmaq istəyirik" - Azərbaycan millisinin baş məşqçisi
"Sabah çox vacib oyuna çıxacağıq. Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazana biləriksə, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Məqsədimiz bunu reallaşdırmaqdır".
Mediasport.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis rəqibin çox keyfiyyətli futbolçulardan təşkil edildiyini söyləyib:
"Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz - Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda, Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik".
B liqasının 5-ci turu çərçivəsində iyulun 12-də "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Macarıstan görüşü saat 20:00-da başlayacaq. Millimiz seçmə mərhələnin son turunda isə iyulun 16-da Lozanna şəhərində yerləşən "Olimpik De La Pontez" stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.