Azərbaycan tarixinin ilk qadın dünya çempionu ilə MÜSAHİBƏ
Mediasport.az Xorvatiyanın paytaxtı Zaqrebdə tarixi nəticəyə imza ataraq dünya çempionu adını qazanan ilk azərbaycanlı qadın cüdoçu Xədicə Qədəşovanın müsahibəsini təqdim edir...
Azərbaycan cüdosunun tarixinə dünya çempionu olan ilk qadın idmançı kimi düşdünüz. Əvvəlcə təəssüratlarınızı bilmək istərdik.
- Bu qələbəyə çox sevinirəm, amma mənim üçün asan olmadı. Ən çətin döyüşüm finalda oldu. Çünki ilk qarşılaşmamız deyildi, hər ikimizdə yorğunluq var idi. Buna baxmayaraq, gərgin məşq sayəsində döyüşə çox yaxşı hazırlaşdım və qalib gələ bildim.
Həlledici qarşılaşmada fransalı Alisiya Pulanjı məğlub etdiz. Görüşdən əvvəl qələbəyə inanırdız?
- Döyüşə yaxşı köklənmişdim. Tatamiyə yalnız qələbə qazanmaq fikri ilə çıxmışdım.
Sizə qədər Azərbaycanda qadınlar arasında cüdo üzrə dünya çempionu olmayıb. Bu amil final görüşündən öncə üzərinizdə hər hansı təzyiq yaradırdı?
- Açığı, qalib gəlsəm, Azərbaycanda qadın cüdoçular arasında ilk dünya çempionu olacağımı bilmirdim. Tarixi medal qazandığımı biləndən sonra qarışıq hisslər keçirdim, daha sevincli oldum.
Tarixi qələbədən sonra ilk təbriki kimdən aldız?
- Təbii ki, ilk olaraq bütün məşqçilər korpusu, komanda yoldaşlarım və valideynlərim məni təbrik etdi. Bundan başqa, həm azərbaycanlı, həm də əcnəbi idmançılardan çoxlu sayda təbrik gəldi.
Uğurunuzun əsas sirri nədədir?
- Nailiyyətimi ilk növbədə çalışqanlıq, əzmkarlıq və nizam-intizama borcluyam.
Qələbənizi, qızıl medalınızı kimə həsr edirsiz?
- Medalı məni bu idman növünə gətirən atama həsr edirəm.
Maraqlıdır, cüdoya gəlməyinizdə atanızın hansı rolu olub?
- Atam hələ uşaqlıqdan məni cüdoya göndərmək istəyirdi. Çünki özü də gənclik illərində bu idmanla məşğul olub. Mən cüdoya başlayanda nə vaxtsa çempion olacağıma əmin idi.
Cüdoya nə zaman və harada başlamısız?
Rusiyada. On yaşımda cüdoya getdim və kiçik nailiyyətlər əldə etdim. 2021-ci ildə isə Rusiya çempionu olmuşam.
Hazırda Azərbaycanda, yoxsa Rusiyada yaşayırsız?
- Mən indi Sumqayıt şəhərində yaşayıram. Buraya ailəmin yaşadığı Saratov şəhərindən gəlmişəm.
Bəs necə oldu ki, Azərbaycan millisində çıxış etməyi seçdiz?
- Vətənim üçün çıxış etmək istəyirdim. Bu işdə bizə Nazim Umbayev köməklik göstərdi.
Növbəti hədəfiniz nədir? Karyeranızı daha uğurlu etmək üçün başqa hansı məqsədləriniz var?
- Məqsədim yeniyetmələr və böyüklər arasında Avropa çempionu olmaqdır. Lakin bunun üçün daha çox çalışmalıyam.
AZƏRTAC