Güləşçilərimiz daha 2 medal qazanıblar, İslam Abbasov medal və lisenziya şansını qaçırıb
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, əvvəlcə 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov qızıl medal uğrunda dueldə Gürcüstan idmançısı Leri Abuladze ilə qarşılaşıb. Rəqib sonuncu xal prinsipinə əsasən qalib gəlib - 2:2.
67 kq çəkidə finala çıxmaqla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmsil etmiş Həsrət Cəfərov da həlledici görüşdə məğlub olub. O, kubalı Luis Sançesin müqavimətini qıra bilməyib - 3:4.
87 kq-da təmsilçimiz İslam Abbasov isə təsəlliverici qarşılaşmaları uğurla dəf etsə də, əvvəlcə bürünc medal uğrunda görüşdə məğlub olub, ardınca 5-ci yer və olimpiya vəsiqəsi üçün görüşdə qırğızıstanlı rəqibinə vaxtından əvvəl uduzub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.