Canni de Byaziyə milli və iki İtaliya klubundan təklif gəlib - ÖZÜ AÇIQLADI

Canni de Byaziyə milli və iki İtaliya klubundan təklif gəlib - ÖZÜ AÇIQLADI

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlama verib.

mediasport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis başqa milli və 2 İtaliya klubundan təklif aldığını bildirib, yığmamızın AÇ-2024-ün seçmə qrupundakı imkanlarından danışıb.

De Byazi AÇ-2024-ün seçmə mərhələsi ərəfəsində Azərbaycan yığmasında qalıb işləməyə davam etmək istədiyini diqqətə çatdırıb: "Başqa təkliflər almışdım. Biri yığmadan, digərləri iki İtaliya klubundan. Azərbaycanda qalıb işləmək istəyirdim. Püşkatmaya gəlincə, Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl AVRO-2016-da da başıma gəlmişdi. Albaniyanın baş məşqçisi olduğum dönəm seçmə mərhələdə çətin qrupa düşmüşdük. Lakin final mərhələsinə vəsiqə qazanmışdıq. Ümid edirəm ki, bu dəfə də eyni şeyi edəcəyik. Lakin buna nail olmaq çox çətin olacaq".

Azərbaycan millisi üçün bütün matçların çətin keçdiyini söyləyən italiyalı baş məşqçi Estoniyadan başqa qrupdakı digər rəqiblər haqqında danışıb: "Belçika böyük ulduz futbolçuları olan, FIFA reytinqində birinci pillədə qərarlaşan kollektivdir. İsveçin isə oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriya kollektivi təkcə David Alabadan ibarət deyil. Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər futbolçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir. Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

De Byazi Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığı vurğulayıb: "Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü futbolçularımız var. Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçuların sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və klublar əsas heyətdə 7 legionerlə meydana çıxır. Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir. Burada yaxşı işlər gördük, 2000-2001-ci il təvəllüdlü çoxlu gənc futbolçulardan ibarət qrup yaratdıq. Onlar müntəzəm oynayırlar. Ümid edirəm ki, daha da böyüyə bilərlər".