"Ciddi axtarışdayıq, maraqlandığım futbolçular var" - Qurban Qurbanov

"Ciddi axtarışdayıq, maraqlandığım futbolçular var" - Qurban Qurbanov

"Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 17-ci turunun "Sumqayıt"la bağlanış matçını dəyərləndirib.

5:0 hesablı qələbəni şərh edən məşqçi heyətdə zədəlilərin çoxluğundan gileylənib:

"Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. İstəyirik ki, futbolçularımızı istirahətə sağlam buraxaq. Amma əfsuslar olsun ki, tam alınmır. Bu, məni bir az narahat edir.

Xeyli rotasiyalar, yerdəyişmələr etdik. Səhvlərimiz yenə var. Eyni oyunçular eyni mövqe səhvləri edir. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin, çoxu istirahət haqda düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada bizimlə oldular.

Q.Qurbanov Toral Bayramovun mərkəz müdafiəçisi mövqeyində oynamasını bu cür şərh edib:

"Oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunu Toraldır. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücumu başlamaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik".

O, yeni futbolçu axtarışında olduqlarını bildirib:

"Hər mövqe üçün axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyi üçün də ciddi axtarışdayıq. Daxili çempionatda da maraqlandığım futbolçular var".