Musa Qurbanlı "Qarabağ"ın Avropa Liqasında şanslarından danışdı
Mediasport.az Azərbaycan yığması və "Qarabağ"ın futbolçusu Musa Qurbanlının “Futbol+” qəzetinə müsahibəsini təqdim edir.
Uzun müddət idi səni start heyətində görmürdük. Premyer Liqada ilk "11-lik"də meydana çıxdın və “Sumqayıt”la matçda iki qol vurdun. Hisslərini necə ifadə edərdin?
- Bizim üçün sevindirici haldı ki, böyükhesablı qələbə qazandıq. Yaxşı oyun keçdi. Qələbə həmişə xoşdu. Uzun müddətdir 90 dəqiqə meydanda olmurdum. Ona görə yaxşı fürsət oldu. Fiziki formamı bərpa etmək yolunda bir addım atmış oldum. Ona görə də bu qələbəyə görə xoşbəxtəm.
Qolların davamını gətirə biləcəksənmi?
- Əlimdən gələni edəcəm. Hazırda çalışıram ki, məşqlərdə öz üzərimdə işləyim, formamın zirvəsinə çatım və inkişaf edim. İndi ancaq bu barədə düşünürəm. Sadəcə, istəyirəm ki, başımı aşağı salıb məşqimi edim.
Qələbə nəticəsində təkrar liderliyi qaytardız. Məhz bu baxımdan “Sumqayıt”la qarşılaşmaya xüsusi yanaşırdızmı?
- Əlbəttə, məqsədimiz çempionluqdu. Hər oyuna ciddi yanaşırıq. Çalışırıq ki, heç bir boşluq verməyək, motivasiyamız yüksək səviyyədə olsun. Ona görə də bu qələbə bizim üçün çox vacib idi.
Ötən mövsüm xaricdə çıxış edən futbolçu kimi bu mövsüm çempionatın səviyyəsində fərq görürsənmi?
- Çempionatımızda hər il dəyişikliklər olur. Amma deyərdim ki, daha çox klub iddialı görünür. Deməzdim ki, böyük dəyişiklik var. Sadəcə, aşağı-yuxarı bəzi oyunçular dəyişir. Xaricdə bir il oynadım. Deyə bilərəm ki, çox böyük dəyişiklik yoxdu.
Premyer Liqada çempionluğa iddialı komandalar da var. Səncə, sona qədər çempionluq yolunda sizə rəqib olan komandalar olacaq?
- Turnir cədvəlində kim bizə yaxındısa, o da mübarizəyə qoşulur. Amma biz buna fikir vermirik. Çalışırıq ki, fikrimizi öz oyunumuza yönəldək. Xal itirməməyə çalışırıq. Belədə hədəfimizə doğru gedirik.
Qarşıdan qış fasiləsi gəlir, həm də Avropa Liqasında həlledici son iki oyununuz qalıb. Necə hazırlaşacaqsan?
- Bizim üçün fərqi yoxdur - çempionat və ya Avropa Liqası. Əlbəttə, Avropadakı oyunlarımız azarkeşlərimiz üçün xüsusi yer tutur. Ona görə də çalışacağıq, o oyunlara maksimum hazırlaşaq və azarkeşlərimizi sevindirək.
Pley-off şansınızı necə görürsən?
- Əlbəttə, qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik. Hələ son demək olmaz. Sona qədər döyüşəcəyik.