"AFFA-ya bir neçə dəfə müraciət etsək də, heç bir nəticəsi olmadı"
Dekabrın 17-də futbol veteranları arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan turnir keçiriləcək.
Mediasport.az xəbər verir ki, bu barədə Futbol Veteranları İctimai Birliyinin sədri Oqtay Abdullayev məlumat verib.
O bildirib ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 8 klub mübarizə aparacaq:
“Bu turniri keçirməkdə əsas məqsədimiz Azərbaycan futbolunu inkişafına təkan vermək, veteran futbolçuları bir araya toplamaqdır. Yarışda dörd komanda şimal zonasını, digərləri Bakı və Sumqayıtı təmsil edəcək”.
Abdullayev "idman.biz"ə açıqlamasında AFFA-dan müsbət cavab almadıqlarını, turnirin Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçiriləcəyini qeyd edib:
“Yarışın keçirilməsi ilə bağlı AFFA-ya bir neçə dəfə müraciət etsək də, heç bir nəticəsi olmadı. Hazırda ölkə futbolu yaxşı vəziyyətdə deyil. Biz də veteran futbolçular olaraq bu duruma yardımçı olmaq istəyirik. Həmçinin uşaq futbolunun inkişafı üçün sabah orada master klasslar da təşkil edəcəyik”.
Qeyd edək ki, Qubada təşkil olunacaq turnirdə Azərbaycan millisinin veteranları, "Neftçi", "Sumqayıt", Həvəskarlar Liqasının veteranları, Quba, Şabran, Xaçmaz və Qusar mübarizə aparacaq.