"Bizi ağır oyun gözləyir" - Azərbaycan yığmasının üzvü

 "Bizi ağır oyun gözləyir" - Azərbaycan yığmasının üzvü

“Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. İsveçlə oyunda məsuliyyətimizi dərk edirik".

Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Tofiq Mikayılov deyib.

Futzalçı AVRO-2026-nın əss mərhələsində İsveçə qarşı keçirəcəkləri oyuna hazırlıqlardan danışıb:

"Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədər də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.

O, rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib:

“İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşü komanda şəklində izlədik. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.

T. Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı danışıb:

“Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıblar. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq. Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da başlanacaq.