Millimiz biabır oldu: Bütün idmançılarımız medalsız qaldı!
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı başa çatıb.
mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları əvvəlki kimi, yekun yarış günündə də medal qazana bilməyiblər.
Son iki idmançımız - Həmidrza Bədriəliabadi (+87 kq) 1/4, Səmərrux Osmanova (53 kq) 1/16 finalda məğlub olmaqla ümumi milli komandamızın fiaskosunu rəsmiləşdirib.
Mundiala 13 taekvondoçu ilə qatılan ölkəmiz medalsız qalıb. Minayə Əkbərova (46 kq), Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fatimə Məcidova (62 kq), Xanoğlan Kərimov (65 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) da ümidləri doğrultmayıblar.
Mayın 29-da start götürən və 145 ölkədən 949 idmançının qatıldığı DÇ dünya taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edirdi. Yarışda qızıl medal qazanan idmançıların aktivinə 140 reytinq xalı əlavə olundu.
Kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların mübarizəsində Türkiyə, Fransa, Xorvatiya, Macarıstan və İran fərqlənib. Azərbaycan millisi isə Dünya Taekvondosu tərəfindən "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqlənib.
Mundialın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib.
Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olub. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.