"Dünya çempionatlarından həmişə uğurla qayıtmışıq"
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev qurumun mətbuat xidmətinə açıqlama verib.
mediasport.az xəbər verir ki, federasiya rəsmisi 14-20 noyabr tarixlərində Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Dünya çempionatında ölkənin ən güclü idmançılarının iştirak edəcəyini deyib.
- Gələn il Bakıda təşkil olunacaq mundial, ardınca "Paris-2024" Yay Olimpiya Oyunları öncəsi komandanın gəncləşməsi gələcək uğurların başlanğıcıdır. İştirak etdiyimiz son 3 yarışa nəzər salsaq, hər birini yığmalarımız üçün uğurlu saya bilərik. Qadın və kişi taekvondoçularımız birlikdə 16–7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Bu nəticələr bizə Dünya çempionatı öncəsi seçim üçün çox faydalı oldu. Ən əsası mundiala perspektiv vəd edən gənc idmançılarla yollanacağıq. Onlardan Səyyad Dadaşov (54 kq) 21 yaşadək idmançılar arasında son Avropa çempionu, həmçinin açıq Niderland çempionatının bürünc medalçısıdır. Bu taekvondoçu təlim-məşq toplanışlarında da özünü yaxşı tərəfdən göstərib. 58 kq-da Dünya çempionatına yollanacaq Qaşım Maqomedov kifayət qədər təcrübəlidir. O, ötən ay açıq Albaniya çempionatının qalibi olub. Həmidrza Sədri (63 kq) də son yarışlardan medalla qayıtdığından bu uğurlu seriyanı davam etdirəcəyinə inanırıq. Yarışlarda təcrübəli rəqibləri üzərində inamlı qələbələr qazanıb. Cavad Ağayev (68 kq) formasını xeyli yaxşılaşdırıb. Gənclər arasında Avropa və dünya çempionatında mükafatçı olub, İslam Həmrəyliyi Oyunlarında da fəxri kürsüyə qalxıb. Eltac Qafarov (74 kq) bu il böyüklərin komandasına cəlb olunmasına baxmayaraq, iştirak etdiyi yarışlardan uğurla qayıdıb. Avropa çempionatında üçüncü yeri tutub, açıq Niderland çempionatında hamıdan güclü olub. Taleh Süleymanov (87 kq) isə gənc olmasına baxmayaraq, həm Eyndhovendə, həm də Tiranada ölkəmizə qızıl medal qazandırıb. Onların hər birinin əzmkarlığı bizi sevindir. Böyük potensiala malikdirlər və biz də lazımı şans veririk ki, özlərini doğrultsunlar".
N.Paşayev kişilərdən ibarət yığmanın Dünya çempionatına tam heyətlə deyil, 6 idmançı ilə getməsinə baxmayaraq, komandanın Meksikadan uğurla dönəcəyinə inanır. O, qadınlardan ibarət yığmadan da uğur gözlədiyini vurğulayıb: "Düzdür, liderlərimizdən Fəridə Əzizova (67 kq) zədə səbəbindən dünya çempionatına gedə bilməyəcək. Qvadalaxaraya yollanacaq Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) son yarışlarda komandamıza medallar qazandırıblar. Hər ikisinin Meksikada uğur qazanmaq üçün yetərincə təcrübəsi var. Biz Dünya çempionatlarından həmişə uğurla qayıtmışıq. Hazırda da gənclərdən təşkil olunan komandamız yüksək əhval-ruhiyyədədir. Dünya çempionlarımızın məhz onların yaşında Azərbaycan himnini səsləndirdiyini nəzərə alsaq, Meksikada niyə bu uğuru təkrarlamayaq?”.