"Siz necə üzülürsünüzsə, biz də o qədər üzülürük, inanın ki, belədir"
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcü Mediasport.az saytına müsahibə verib:
Estoniya ilə matç haqda fikrin necədir? Milliyə dəvət alsan da, çoxdan idi oynamırdın...
- Milliyə gəlmək qürurvericidir. Təbii ki, meydanda olmaq daha da gözəldir. Çünki meydanda əlimdən gələni etməyə çalışıram. Komandaya kömək etmək istəyirəm. Oynamadığım zamanda da oynayanları başqa cür motivasiya edib, yardım edərdim. Amma meydanda olmaq həmişə gözəldir.
Sırf sənin qol vurmaq üçün bir neçə epizodun da oldu. Səncə, Estoniyanı məğlub etmək üçün nə çatmadı?
- Tək mənim deyil, bir neçə qol şanslarımız oldu. Estoniya millisini yaxşı "sıxmışdıq". Hücumda da komanda olaraq yaxşı şanslar əldə etdik, yaxşı oynadıq. Sadəcə, son vuruş deyək, şans deyək...Təbii ki, şansa çox da inanmamaq lazımdır. Məsələn, epizodların birində top dirəkdən döndü. Şanssızlıq oldu. Bu mövsüm nədənsə məndə bir az şanssızlıq olur. İnanırsınız, bəlkə də 5-ci dəfədir. Bu mövsüm klubumda və millidə 15 oyuna çıxmışam, 6-cı dəfə dirəyə vururam. Təbii ki, çox şey özündən asılıdır. Amma bir az da şansın gətirsə, nə gözəl olardı. Ümumi olaraq yaxşı oynadıq.
Bizim millidə fərdi olaraq yaxşı futbolçularımız var. Amma hər dəfə geri gedirik, artıq D Liqasına düşməyə yaxınıq...
- Siz necə üzülürsünüzsə, biz də o qədər üzülürük. İnanın ki, belədir. Çünki biz futbol oynayırıq, daha üst yerlərə çıxmaq istəyirik. Hər futbolçunun xəyalıdır ki, ölkəsini gözəl şəkildə təmsil etsin, xalqı sevindirsin. Bunlar bizim birinci motivasiyalarımızdan biridir. Amma təəssüf ki, vəziyyət belədir. Futboldur da. Əlimizdən gələni yenə də edəcəyik. D Liqasına düşsək də, oradan çıxmağa çalışacağıq.
Son matçda İsveçlə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiz?
- Hər matç çətin keçir. İsveç də yaxşı komandadır, yaxşı oyunçuları var. Amma bizim adımıza qorxmağa heç gərək də yoxdur. İsveç millisinə qarşı sona qədər vuruşmaq və gözəl futbol oynamaq lazımdır. Əlimizdən gələni edəcəyik, gözəl nəticə almaq istəyirik.
Azərbaycan millisini seçdiyinə görə peşman deyilsən ki? Qardaşın Orkun Kökçü Türkiyə millisini seçdi, orada oynayır...
Heç vaxt. Doğrudur, qardaşım "Benfika"da oynayır, mən "Helsinki"də. Heç vaxt peşmanlığım olmayıb. Bunu bir neçə dəfə demişəm. Azərbaycan mənə o vaxt mənə qapı açmışdı. Mənə açılan qapını heç vaxt özüm bağlamaram. Ogünkü gün kimi yenə də qürurlu və xoşbəxtəm ki, Azərbaycan millisində oynayıram. Ürəyimizin üstündə "ay-ulduzlu" bayraq var. Ona görə də mənim üçün dəyişən bir şey yoxdur.
"Helsinki"də vəziyyətin necədir? Orada qalmaq istəyirsən?
- Ora 2-3 aydır ki, keçmişəm. Avrokuboklarda da oynayırıq. Klubumun da mənim adıma düşüncələri, planları var. Təbii ki, daha üst səviyyələrə nə qədər tez çıxsam, mənim üçün daha gözəl olar. Əlimdən gələni edirəm, çox çalışıram. Hər gün, hər matçda, hər məşqdə ən yaxşısını edirəm. Allah qoysa, tez bir zamanda daha da irəli gedərəm.
Elvin