Adrian Mutu: "Onun haqqında danışmağa ehtiyac yoxdur"

Adrian Mutu: "Onun haqqında danışmağa ehtiyac yoxdur"

“Bizi çox vacib oyun gözləyir. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. Lakin Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik”.

MediaSport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumın mütəxəssis Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə səfərdə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransında  görüşlə bağlı düşüncələrini bölüşüb.

44 yaşlı çalışdırıcı rəqibin kifayət qədər yaxşı kollektiv olduğunu bildirib: “Jelezniçar”ın Minsk “Dinamo”su ilə matçına baxmışam, çox əzmkar komandadır. Bəzi oyunçularının individual üstünlüyü var. Əminliklə deyə bilərəm ki, bizə çox ağır olacaq. Burada qısa müddət olmağıma baxmayaraq, 10 gün ərzində hiss edirəm ki, oyunçular bütün tapşırıqlarımı həvəslə yerinə yetirirlər. “Fənərbağça” və Moskva “Spartak”ı ilə matçlardakı çıxışı da təhlil etmişəm, komandamın meydanda necə hərəkət etdiyini görmüşəm. Yeni oyunçuların gəlişini də gözləyirik ki, kollektiv komplektləşsin və balans yaransın”.

Mutu Sarayevoda güclü azarkeş önündə çıxış etməyin komandası üçün çətin olmayacağını düşünür: “Çoxlu təcrübəli oyunçularımız var. Belə atmosferdə oynamağa öyrəşiblər. Düşünmürəm ki, azarkeş təzyiqinin onlara təsiri olsun. “Jelezniçar”ı öz meydanında azarkeşləri dəstəkləyəcək. Bu, yerli publika üçün şou kimi ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik”.

Baş məşqçi Serbiyanın “Partizan” klubuna keçən braziliyalı hücumçu Saldanyanın yoxluğunda ön xətdə problem yaşayacaqlarına inanmadığını vurğulayıb: “Saldanya artıq keçmişdə qalıb. Onun haqqında danışmağa ehtiyac yoxdur. Saldanyanın gedişindən sonra komandaya yeni hücumçu cəlb olunacaq. Hazırda danışıqlar gedir. Saldanyanın gedişi komandamıza daha çox motivasiya verməlidir. O olmadan da oyunlara köklənib yolumuza davam etməliyik”.

Qeyd edək ki, bu gün “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.