Elxan Məmmədov Azərbaycan klubu üçün futbolçu transfer etdi
Sentyabrda "Neftçi»2 ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən Qara Qarayevin yaxınlarda "Araz-Naxçıvan"la anlaşması böyük rezonans doğurdu.
Karyerasını bitirməyə hazırlaşan yarımmüdafiəçinin Muxtar Respublka təmsilçisinə yolunun açılması gözlənilməz oldu.
"Qarabağ"ın yetirməsinin dönüşünü Elmar Baxşıyev öz adına çıxdı. Baş məşqçi iddia etdi ki, dayaq yarımmüdafiəçisinin keçidi təşəbbüsü ondan gəlib.
Bu, belədirmi? Təəssüf ki, Baxşıyev yenə yalan danışıb.
Nadir hallarda mediaya səmimi açıqlamalar verən çalışdırıcı "Qara işi"ndə də həqiqətin üstünü örtüb. Amma gerçəyin üzə çıxması üçün bu dəfə heç 40 gün gözləməyə də ehtiyac qalmadı.
Redaksiyamıza məlum olub ki, Qarayevin "Araz"a gəlişini 2007-2022-ci illər aralığında AFFA-nın baş katibi və icraçı vitse-prezidenti postunda çalışmış Elxan Məmmədov təşkil edib.
Noyabrın 1-də FİFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyinat alan funksionerin "Araz"a təsir rıçaqları çox böyükdür.
O, klub rəhbərliyi ilə yaxşı münasibətdədir. Elə Baxşıyevin əsas dəstəkçilərindən biri də Məmmədovdur.
Uzun illər ərzində AFFA-nı de-fakto təkbaşına idarə eləmiş fiqurant bu əlaqələrindən Qaranın məsələsində yararlanıb.
Məhz onun göstərişi əsasında Baxşıyev hərəkətə keçib, yoxsa özünün əvvəldən belə bir niyyəti olmayıb.
"Qəbələ"nin sabiq çalışdırıcısı Qarayevin xidmətinə maraq göstərsəydi, FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin sabiq direktorunun təlimatını gözləməzdi.
Çünki millinin sabiq üzvü 3 aydan artıq idi ki, Premyer Liqadan uzaq düşmüşdü və Baxşıyev onu gətirən idisə, elə həmin vaxt gətirərdi də, daha bu qədər vaxtı niyə boş yerə ötürürdü ki? (sportinfo.az)