"Qələbə və xallar qazanmayandan sonra bunun o qədər önəmi yoxdur"
Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının 5-ci turunun Estoniya ilə matçından sonra (0:0) Mediasport.az saytına müsahibə verib:
Oyun haqda nə deyə bilərsən?
- Təəssüflər olsun ki, qələbə qazana bilmədik. Bu oyunda nə olursa-olsun, qələbə qazanmalıydıq. Edə bilmədiyimiz üçün komanda şəklində məyusuq. Deyə biləcək çox şey yoxdur, sadəcə çox çalışmaq, düşdüyümüz vəziyyəti düzəltmək və qələbələr qazanmaq lazımdır.
Çoxları deyir ki, indiki millidə potensial var, amma getdikcə geriləyirik. D Liqasına yaxınıq...
- Təəssüf ki, bu vəziyyətdəyik. Potensial nə qədər olursa-olsun, qələbə və xallar qazanmayandan sonra bunun bir o qədər də önəmi yoxdur. Önəmli olan vəziyyəti düzəltmək üçün daha çox çalışmaqdır.
Təcrübəli futbolçusan, necə fikirləşirsən, vəziyyəti necə dəyişmək olar?
- Vəziyyəti necə dəyişmək olar? Açığı, bilmirəm. Çox çalışmaq lazımdır. Futbolçular olaraq özümüzü daha çox inkişaf etdirməliyik, Avropaya uyğunlaşmaq lazımdır. Tək çıxış yolu var, futbolçular olaraq daha çox çalışmaq, oyunumuzu daha yaxşı inkişaf etdirib, daha yaxşı oyun sərgiləmək.
Millinin potensiallı oyunçulardan biri də sənsən. Avropaya getməyi hədəfləyirsən?
- Əlbəttə. Kimdən soruşsanız, hamının hədəfi budur. Deməklə də olmur. Daha uyğun variant və daha uyğun komanda olsun ki, gedib oradan geri qayıtmayasan, daha da irəli gedəsən. Hər kəs istəyir. Önəmli olan uyğun komandanın olmasıdır.
Elvin