"DÇ-də qazandığımız nəticə ölkəmiz üçün üçün tarixi uğurdur"
"Səudiyyə Ərəbistanında keçirilən ağır atletika üzrə dünya çempionatında qazandığımız nəticə Azərbaycan üçün tarixi nailiyyətdir".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev deyib.
Federasiya rəsmisi idmançılarımızın bugünlərdə başa çatmış dünya birinciliyində çıxışları barədə ətraflı məlumat verib. K.Məstəliyev deyib ki, bir təmsilçimiz zədə aldığı üçün yarışı davam etdirə bilməyib:
"Ölkəmiz dünya çempionatına 5 idmançı ilə yollanmışdı. Bir təmsilçimiz qadın idi, 49 kq çəki dərəcəsində Nazilə İsmayılova yarışda iştirak etdi. 67 kq-da ölkəmizi təmsil edən İsa Rüstəmov birinci çıxışdan sonra zədələndi və məcburi olaraq yarışda çıxışını başa vurdu. DÇ gənc idmançımız Əli Şükürlü üçün həm təcrübə qazanmaq, həm də lisenziya xalları toplamaq baxımından əhəmiyyətli oldu. Bildiyiniz kimi, 109 kq çəki dərəcəsində Dadaş Dadaşbəyli isə 3 bürünc medal qazandı. Bu, ölkəmiz adına həqiqətən böyük uğurdur. Məsələ burasındadır ki, Azərbaycan yığması böyüklər arasında dünya çempionatlarında medalı sonuncu dəfə 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində milliləşdirilmiş bolqarıstanlı Boyanka Kostova ilə qazanmışdı. Ondan əvvəlki uğurumuzu - 2011-ci ildə Parisə keçirilən dünya çempionatında da bürünc medalı legioner idmançımız - bolqarıstanlı Valentin Xristov əldə etmişdi. Yerli idmançılarımızın DÇ-lərdə son uğuru 2005-ci ildə olub. Nizami Paşayev 18 il əvvəl dünya çempionu olmuşdu".
O, Dadaş Dadaşbəylinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına inandığını bildirib: "Bizi qarşıda 3 lisenziya yarışı gözləyir. Bu ilin dekabrında Qətərdə Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-pri yarışı keçiriləcək. Ardınca 2024-cü ilin fevral ayında Türkiyənin İstanbul şəhərində Avropa çempionatı olacaq. 2024-cü ilin aprelində isə Tailandın Banqkok şəhərində Dünya Kuboku baş tutacaq. İnanıram ki, ən real namizəd Dadaş Dadaşzadə xal ehtiyatını yaxşılaşdıraraq ölkəmizə olimpiya lisenziyasını qazana biləcək. Bunun üçün 5 olimpiya çəkisi üzrə dünyanın 10 ən yaxşı atleti sırasına düşməlidir. Dadaşın şansı yüksək qiymətləndirilir. Gənc Əli Şükürlü və Ömər Cavadovun da potensialı var. Vacib olan qarşıdakı yarışlarda uğurlu çıxış edərək lisenziya xalları qazanmaqdır. Bu idmançılarımız da Paris olimpiadasında iştirak imkanı əldə edə bilərlər".