Fernandu Santuş "Qarabağ"ın ÇL matçını stadiondan izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Bakıya gəlib.
Mediasport.az xəbər verir ki, şəxsi işlərinə görə ölkəmizə gəlişi yubanan portuqaliyalı mütəxəssis dünən axşam saatlarında Azərbaycana təşrif buyurub.
69 yaşlı çalışdırıcının qarşıdakı günlər üçün mini-planı da artıq məlumdur.
Avropa çempionu sabahdan etibarən təmsilçilərimizin avrokubokda keçirəcəyi ev görüşlərini stadiondan izləyəcək.
Santuş əvvəlcə ÇL-in 2-ci təsnifat mərhələsinin "Qarabağ" - "Linkoln" (Cəbəllütariq), iki gün sonra isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) arasında cavab qarşılaşmasında arenada yer alacaq.