"Çox ağır oyun oldu, nəticəni normal hesab edirəm" - Berezutski
"Sabah" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Qarabağ"la heç-heçə edib - 1:1.
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında matç haqqında fikirlərini səsləndirib.
Rusiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çox ağır oyun oldu. Amma nəticəni normal hesab edirəm. Oyuna gəldikdə isə hələ çox işləməliyik. Heyətdə rotasiyalar etmişdik. Çünki, kubokda 120 dəqiqə ağır oyun keçirmişdik.
Demək olar ki, dəyişikliklər edəndən sonra oyunun tempi yüksəldi?
- Bizim yorğunluğumuz ikinci hissədə öz təsirini göstərirdi. Buna baxmayaraq əks-hücumda fürsətlərimiz oldu. Onlardan istifadə etmək olardı. Bizim üçün nəticə yaxşıdır.
Yəqin ki, Azərbaycana gələndə "Qarabağ"ın hegemon olduğu liqada işləyəcəyinizi bilirdiniz. Bu gün o "Qarabağ"ı görə bildiniz?
- Birinci hissədə biz rəqibdən daha yaxşı oynadıq. "Qarabağ"ın hücum potensialının qarşısını aldıq. Amma ikinci yarıda alışdığımız "Qarabağ"ı görə bildik. Onlar daha sürətli oynayırdılar, daha hərəkətli idilər.
Liderdən 16 xal geri qalırsınız. Çempionluq uğrunda oynaya biləcəksiniz, yoxsa avrokuboklara düşməkdir məqsədiniz? Ümumiyyətlə, komandanızın potensialı nəyə imkan verir?
- Futbolçuların potensialı avrokuboklara vəsiqə qazanmağa imkan verir. Bura gələndə vaxtımız az idi, 3-4 gündən bir oynayırdıq. Amma indi bir həftəlik vaxtımız var, normal hazırlaşa biləcəyik. Əlimizdən gələni edəcəyik ki, bizdən öndə olan komandalarla rəqabət aparaq.
Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsız. Bunu qarşıdakı matçlarda da edəcəksiz?
- Kubok matçından sonra rotasiyalar etmək istəyirdik. Bu gün o mövqedə Kahim Parris olmalı idi. Təəssüflər olsun ki, o zədələndi. Boyan Letiç bu gün çıx böyük iş gördü. Onun oyunundan razıyam.