"Qarabağ"la oyunda azarkeşlərimizi sevindirmək üçün bacardığımızı edəcəyik" - Tovuz klubunun kapitanı
"Qarabağ"la səfərdə bizi çox çətin oyun gözləyir. Rəqibin geniş heyəti var, rotasiyalar edə bilirlər".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.
Təcrübəli müdafiəçi sabah Premyer Liqanın 2-ci turu çərçivəsində səfərdə qarşılaşacaqları Ağdam klubu ilə oyun haqda fikirlərini bölüşüb:
"Helsinki" ilə ağır oyundan çıxıblar, onları qarşıda çətin Finlandiya səfəri gözləyir. Buna baxmayaraq, komandanın heyətində dəyişikliklər etmək üçün oyunçular çoxdur. Biz də rəqibi analiz etmişik, çalışacağıq səfərdən yaxşı nəticə ilə qayıdaq. Var gücümüzü qoyub yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik".
30 yaşlı futbolçu ilk turların həmişə çətin keçdiyini bildirib: "Düzdür, 1-ci turda "Araz-Naxçıvan" üzərində böyükhesablı qələbə qazandıq. Ancaq çempionatın əvvəlləri həmişə ağır olur, azı 3-4 tur çox gərgin keçir. İlk matçda səbrli oynadıq, rəqibi yaxşı analiz etmişdik. "Qarabağ"la matç çox ağır olacaq. Həm ölkə çempionudur, həm də bizdən öncə toplaşıb avrokuboklarda bir neçə oyun keçiriblər. Düşünürəm ki, onlar daha ideal formadadırlar. Biz də azarkeşlərimizi sevindirmək üçün bacardığımızı edəcəyik. Bunun üçün maksimum düzgün, diqqətli oynamalıyıq".
Qeyd edək ki, sabah "Azərsun Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq.