Qriqorçuk məyus oldu: “Qəbələ”siz Azərbaycan çempionatı... Bunu sözlə ifadə etmək belə, çətindir"
“Qəbələ”nin vəziyyətindən xəbərdaram. Ümid edirdim ki, İcraiyyə Komitəsinin qərarından sonra Premyer Liqadakı çıxışını davam etdirəcək”.
Mediasport.az xəbər verir ki, bu sözləri "Sportinfo"ya açıqlamasında Qəbələ təmsilçisinin sabiq baş məşqçisi Roman Qriqoruçuk deyib.
O, vaxtilə çalışdırdığı komandanın elitanı tərk edəcəyindən məlumatlı olsa da, komandanın sayının artırılacağına ümid edirmiş.
Xəbəri eşidəndən sonra bir müddət deməyə söz tapmayan 59 yaşlı mütəxəssisin mövqeyi bu cür oldu:
“Qərar barədə indi sizdən eşidirəm. Çox üzüldüm, çox. “Qəbələ”siz Azərbaycan çempionatı... Bunu sözlə ifadə etmək belə, çətindir. Eşitmişdim növbəti mövsüm üçün Premyer Liqada iştirakçı sayı artırılacaq. Siz zəng edənə qədər buna əmin idim. Düşünürdüm hansısa çıxış yolu tapılar və “Qəbələ” elitada qalar.
Bundan sonra ediləcək heç nə yoxdur. Qərar verilibsə, hörmət etmək lazımdır. Bir il itirib dözmək lazımdır. Aşağı dəstədəki nəticələrlə yenidən yüksək dəstəyə qayıdıb bunu haqq etdiklərini göstərməlidirlər. Başqa yol yoxdur.
Məni ən çox qayğılandıran Qəbələdəki infrastruktur və akademiyadakı uşaqlardır. Bütün hallarda onları qorumaq lazımdır. Aşağı dəstəyə yuvarlanmaq faciə deyil. Faciə əlində olan gözəllikləri itirməkdir. Ona görə də əsas komanda ilə yanaşı, meydançaları və akademiyanı qorumaq vacibdir”.
Maraqlıdır, “Qəbələ” Roman İosifoviçin baş məşqçi olduğu dönəmdə bu cür vəziyyətlə üzləşsəydi, o, komandadan gedərdi, yoxsa 1-ci Liqada çalışmağı qəbahət saymazdı?:
“İndiyə qədər başıma belə bir iş gəlməyib. Ümid edirəm ki, gəlməz. Yaşamadığım hadisəyə şərh vermək çətindir. Bunu özüm başda olmaqla heç kimə arzulamıram. Həqiqətən baş məşqçi üçün çox ağır dövr olur” .
Ukraynalı mütəxəssis 2015-ci ilin yanvarından 2018-ci ilin mayına qədər “Qəbələ”ni çalışdırıb.
Bölgə təmsilçisi Qriqorçukun baş məşqçiliyi dövründə 2 dəfə Premyer Liqanın gümüş, 2 dəfə bürünc medallarını qazanıb, 2 dəfə ölkə kubokunun finalına çıxıb, 2 dəfə də ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edib.