"Hakim o epizodda necə penalti verməyə bilərdi?" - ƏHMƏDOV

"Hakim o epizodda necə penalti verməyə bilərdi?" -  ƏHMƏDOV

"Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Turan Tovuz"la bərabərə (2:2) qalıb.

mediasport.az xəbər verir ki, ilk görüşdə 1:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisi kubokla vidalaşıb.

Dünən baş tutan qərb derbisi haqda fikirlərini paylaşan gəncəlilərin baş məşqçisi Tərlan Əhmədov son saniyələrdəki qalmaqallı epizodda baş hakim Rəvan Həmzəzadənin 100 faiz penalti verməli olduğunu deyib:

- "Maraqlı bir oyun izlədik. Bu görüşə qədər evdə 1:2 hesabı ilə məğlub olmuşduq. Bu da istər-istəməz komandanın üzərində təzyiq yaradırdı. İlk dəqiqələrdən komandada həyəcan, özünə inamsızlıq hiss olunurdu. İki top buraxaraq məğlub duruma düşsək də, hesabı bərabərləşdirə bildik. Hətta qalib də gələ bilərdik. Oyun hər iki komanda adına maraq doğururdu. Hər iki kollektiv gələcək üçün böyük ümidlər verir. Şansımız bərabər idi. Oyunun sonlarına yaxın verilməyən penalti epizoduna da baxdıq. Vəziyyət 100 faiz penalti idi. Hakim o epizodda necə penalti verməyə bilərdi sualı maraq doğurur. Artıq hər şey keçmişdə qaldı. Bizim üçün kubok bitmiş sayılır. "Zirə" ilə çempionat oyununa hazırlaşmalıyıq. Komandama bu oyuna görə təşəkkür edirəm".