"Hansısa komanda onu istəsə, təmənnasız göndərməyə hazırıq"
Antalyada qış hazırlığını başa vuran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyə toplanışı və keçirdikləri yoldaşlıq oyunları barədə fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, mütəxəssis hazırlıq çərçivəsində son oyun - Polşanın "Poqon" klubu ilə görüşün ardından həm bu matçda qeydə alınan 2:4 hesablı məğlubiyyəti şərh edib, həm ümumi düşüncələrini bildirib.
- Yaxşı oyun keçdi. Komandanın tam hazır olmaması hiss olundu. Hər iki hissənin əvvəlində matça dinamik başladıq. Sonra temp aşağı düşdü. Qarşımızda çox möhkəm komanda var idi. Məncə bu oyunun işimizə çox faydası olacaq. Futbolçuların köhnə idman formasını geri qaytarmalıyıq. Bu gün çox yaxşı yoruldular. Bunu istəyirdik. Bir neçə dəfə əks-hücumlarda tutulduq. Bizim də yaxşı hücumlarımız oldu. Çatışmayan cəhətlərimizi tam gördük. Qarşıda bir həftə vaxtımız var. Çempionata hazırlaşacağıq. Tam istədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq. Bu dəfə fərqli rəqiblər seçdik. Belə oyunların faydası həmişə çox olur. Hazırlıq dönəmində bir komandanın hazırlığının digərindən az da olsa, üstün olması fərq yaradır. Sonda bizə sürəti artırmaq lazım idi. Görünür ki, futbolçular yorğun idi. Top itkiləri çox oldu.
Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra qapıçı axtarışları nə yerdədir?
- Çox ciddi axtarışlar gedir. Fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə yönəltdik. Bəlkə də buna hazır deyildik. Amma işimizdə belə hallar olur. Transfer pəncərəsi bağlanana kimi nəsə addım atmağa çalışacağıq. Hələ ki, əlimizdə olan qapıçılarla irəliləyirik.
Qaspar Panaderonun aqibəti necə olacaq?
- Müqaviləsi var. Hansı şərtlər varsa, klub olaraq onu edəcəyik. Əsas komandada məşq etməyəcək. Özünə də bildirmişik. İkinci komanda olacaq. Hansısa komanda istəsə, biz onu təmənnasız göndərməyə hazırıq. Üzərimizə nə düşürsə, onu edəcəyik. Çünki müqaviləyə riayət etməliyik.
"Qarabağ" Çempionlar Liqasında qrupa düşən vaxt da hazırlıq oyunlarında uğursuz nəticələr göstərmişdi. İndi də qarşıda "Gent"lə oyun var.
- Təki, sizin düşündüyünüz kimi olsun. İnşallah, daha yaxşı nəticələrimiz olar. Amma hər komandada müəyyən bir müddətdə ciddi sıxıntılar olur. O dönəmdə ayaq üstə qalmağı bacarmaq lazımdır. Sanki bizdə hazırda həmin vəziyyətdir. Düşünmədiyimiz zədələr, oyunçu transferi, Kadinin gedişi oldu. Bəzi digər problemlər var. Bu dövrdə daha düzgün, ağıllı şəkildə ayaq üstə durmalıyıq. Çatışmazlıqları get-gedə aradan qaldırmalıyıq.