"Qarabağ"ın BÖYÜK LAYİHƏsi dünya mətbuatının gündəmində

"Qarabağ"ın BÖYÜK LAYİHƏsi dünya mətbuatının gündəmində

“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması dünya mətbuatının gündəmində xüsusi yer alıb.

Mediasport.az xəbər verir ki, planetin məşhur nəşrləri COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi ilə 11 tanınmış klubun bir araya gəlməsi barədə məqalələr dərc ediblər.

İtaliyanın məşhur RAİ agentliyi “Qarabağ”ın təşəbbüskarı olduğu alyansın gələcək naminə bir araya gəldiyini vurğulayıb: “Udineze”nin stadionunun işıqlandırılması üçün günəş elektrostansiyası bütün İtaliya üçün nümunədir. ECA-nın dayanıqlılıq inkişafı üzrə İşçi Qrupunun üzvü olan Udine klubu yeni alyansın təsis edilməsi sənədini imzalayanlar sırasındadır. Bu klublar iqlim dəyişiklikləri ilə birgə mübarizə üçün öz üzərinə öhdəliklər götürüblər. Bu alyans dayanıqlı gələcək üçün birgə fəaliyyətlər həyata keçirəcək”.

İtaliyanın “sport.sky” nəşri Bakıda alyans yaradılmasını tarixi hadisə sayıb: “Futbol dünyasının və ECA-nın COP tədbirində tarixi iştirakı Bakıda gerçəkləşdi. Burada son illərdə sosial və ekoloji məsələlərdə həssaslıq nümayiş etdirən klublar iştirak etdi. Alyans yaradan 11 klub iqlim dəyişiklikləri ilə mübarizədə öhdəlikləri imzaladılar. Tarixdə ilk dəfə idman klubları iqlimlə bağlı mümkün böhranla mübarizədə səylərini birləşdirdi”.

Alyans üzvlərindən olan “Fənərbağça” birliklə bağlı məlumat yayıb: “İqlim dəyişikliyi infrastruktura, iqtisadi sabitliyə, sağlamlığa mənfi təsir edə bilər ki, futbol klubları da bununla mübarizə üçün Bakıda bir araya gəldilər. “Qarabağ”ın təşəbbüsü ilə alyans yaradan 11 klubu ictimaiyyəti bu mübarizəyə qoşulduqları barədə məlumatlandırdı və öz üzərinə öhdəliklər götürdülər. Alyansın yaradılması ilə bağlı tədbirdə yaşıl dünya naminə bütün klubların bu birliyə qoşulmasına çağırış edildi”.

“Sustainabilitymag” nəşri aparıcı klubların iqlimin müdafiəsinə qalxdığını bəyan edib: “COP-29 çərçivəsində bir araya gələn dünyanın top klubları dayanıqlılıq üzrə liderlər kimi birlik nümayiş etdirdilər. “Qarabağ” və ECA-nın təşkilatçılığı ilə bir araya gələn klublar futbolun gücü sayəsində iqlim dəyişikliyi ilə mübarizə aparmaq öhdəlikləri barədə sənəd imzaladılar. İştirakçılar iqlimlə bağlı müzakirələrdə futbolun ön sıralarda olacağını göstərdilər”.

“Corriere” qəzeti də alyansın yaradılmasını futbol adına böyük addım hesab edib: “Futbol da artıq Bakıda COP-29 meydanındadır. Bu, tarixdə ilk dəfədir. Dünyanın aparıcı klubları dayanıqlılıqdakı fəaliyyətlərini nümayiş etdirmək üçün bir araya gəldilər. “Qarabağ”ın təşəbbüsü ilə yeni dönəmə - klubların alyansda birləşərək iqlim dəyişikliyi ilə birgə mübarizəsinə start verildi. ECA isə quruma üzv olan 700 klub adından birləşməyə çağırış edib”.

ECA-nın mətbuat xidməti rəsmi saytında tədbir haqda bu qeydlərə yer verib: “Bakıda keçirilən COP-29 çərçivəsində çox əlamətdar tədbir keçirildi. “Qarabağ”la birgə təşkilatçılığımızla baş tutan mərasimdə ECA-nın ekoloji dayanıqlılğa sadiqliyini nümayiş etdirdi, tədbir iştirakçılarını iqlim dəyişikliyi ilə bağlı Mavi zonadakı müzakirələrdə ön sıralara çıxardı. Futbol klublarının alyansı kollektiv fəaliyyətlər üçün nümunə və ruhlandırıcı rolu oynadı. Bu, qlobal problemə çevrilən iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımlardan biri oldu”.

Xatırladaq ki, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının təklifi ilə yaradılan alyansa ilk olaraq dünya nəhəngləri - "Liverpul" və "Tottenhem" (hər ikisi İngiltərə), “Atletiko” və "Betis" (hər ikisi İspaniya), "Qalatasaray" və “Fənərbağça” (hər ikisi Türkiyə), "Portu" (Portuqaliya), "Udineze" (İtaliya), “Flamenqu” (Braziliya) və “Malmö” (İsveç) klubları qoşulublar.