"Hədəfimiz irəli getməkdir, burada toplaşmağımızın səbəbi də budur"
"Hesab edirəm ki, baş məşqçimiz bizdən istəyirdisə, yerinə yetirib qələbə qazandıq".
Bu sözləri mediasport.az syatına açıqlamasında "Kəpəz"in qapıçısı Vladislav Vasilyuçek deyib.
29 yaşlı belaruslu qolkiper Azərbaycan Premyer Liqasının 1-ci turunun "Neftçi" ilə ev oyununu dəyərləndirib.
O bildirib ki, "Neftçi" ilə matçda məğlub da ola bilərdilər: "Neftçi" Azərbaycanın 3 ən güclü komandasından biridir, təbii olaraq bizə qalib gəlsəydilər, sürpriz sayılmayacaqdı. Amma belə alındı ki, 3 xalı qazanan tərəf biz olduq. Müdafiədə çox yaxşı oynadıq, rəqibə qol imkanı vermədik. Buna görə çox şadam".
Vasilyuçek hədəfləri barədə bunları deyib: "Kəpəz"də ilk rəsmi oyunum idi. Çıxışım haqda danışmağım düz olmaz. Necə olduğumu ancaq məşqçilər korpusu deyə bilərlər. Qol buraxmadımsa, deməli, pis alınmadı (gülür). Komandamız çox istəklidir, futbolçular bir-birini yaxşı başa düşür. Belə də davam etmək istəyirik. Hədəfimiz mümkün qədər irəli getməkdir. Burada toplaşmağımızın səbəbi də budur, komandada potensial var".
Qapıçı azarkeşləri da yaddan çıxarmadı: "Neftçi" Azərbaycanın super klublarından sayılır, belə rəqiblə oyunda azarkeş dəstəyi vacibdir. Gördüyünüz kimi, azarkeşlərimiz stadionda möhtəşəm ab-hava yaratmışdılar".
Qeyd edək ki, "Kəpəz" tarixi derbidə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.