"Neftçi"yə qarşı necə oynayacağımızı planlaşdırmışıq - KAPİTAN
Premyer Liqada 9-cu tur bu gün keçiriləcək 2 qarşılaşma ilə davam edəcək. Ötən tur Suraxanıda lider "Qarabağ"a məğlub olan "Neftçi" bu uğursuzluğu unutdurmaq üçün "Turan Tovuz"a qalib gəlməlidi. Ayxan Abbasovun baş məşqçisi olduğu qərb klubu da, təbii, Bakıya uduzmağa gəlmir.
MediaSport.az saytına bu çətin görüşlə bağlı düşüncələrini bölüşən komandanın kapitanı Şəhriyar Əliyev deyir ki, səfərdə maksimum güclə çalışıb xal və xallar qazanmaq istəyirlər.
- Oyuna yaxşı səviyyədə hazırlamışıq, komandada ab-hava əladır. Öz oyunlarımızla yanaşı, rəqib "Neftçi"nin də çıxışlarını analiz etmişik. Əsasən, səhvlərimizi düzəltmək istiqamətində çalışaraq rəqibə qarşı necə oynayacağımızı planlaşdırmışıq. Güclü rəqibə qarşı oynayacağıq, "Neftçi" həqiqətən çox yaxşı komandadır, yaxşı heyəti var. Amma buna baxmayaraq, biz hər görüşdə meydana xal və ya xallar qazanmaq üçün çıxırıq. "Neftçi" son turda məğlub olub, bugünkü matça çox ciddi yanaşacaqlar. Biz də çıxıb oyunumuzu oynayacağıq. İnşallah, səfərdən uğurlu nəticə ilə qayıtmağa çalışacağıq.
"Neftçi" - "Turan Tovuz" qarşılaşması saat 19:30-da başlanacaq.