"III Avropa Oyunlarında beşinci yeri tutmağımız böyük nailiyyətdir"
"Paytaxtımız həmişə beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunması bizim üçün nailiyyətdir".
MediaSport.az xəbər verir ki, bu sözləri Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi deyib.
Qurum rəhbəri çimərlik futbolu üzrə Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
O, seçmə mərhələdə milli komandadan uğurlu çıxış gözlədiyini bildirib: “2008-ci ildə ölkəmizdə çimərlik futbolunun inkişaf etdirilməsinə başlamışıq. Çox böyük işlər görmüşük. Millimizin Polşada təşkil olunan III Avropa Oyunlarında beşinci olması böyük nailiyyətdir. Ümumilikdə, millimiz Avropa ölkələrinin reytinq cədvəlində onuncu pillədə yer alıb. İnanırıq ki, milli komandamız seçmə mərhələdə də hamımızı sevindirəcək. Əsas məqsədimiz komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasıdır. III Avropa Oyunları da komandamız üçün bir növ hazırlıq oldu. Ümid edirəm, həmin motivasiyanı saxlayaraq, istəyimizə nail ola bilərik”.
Qeyd edək ki, iyulun 5-7-də Bakıda dünya çempionatının seçmə mərhələsində reytinqə görə ən yaxşı 13 komanda birincilik uğrunda yarışacaq. Çempionat çərçivəsində iyulun 8-də yarımfinal və pley-off oyunları, iyulun 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı keçiriləcək. Azərbaycan yığmasının ilk qarşılaşması Moldova seçməsi ilə iyulun 5-də baş tutacaq.