Azərbaycan yığması seçmə mərhələni 1 xalla başa vurdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AVRO-2025) seçmə mərhələsi çərçivəsində qrupda sonuncu görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda 3-cü tur çərçivəsində meydan sahibi Moldova yığması ilə qarşılaşıb.
Futbolçularımız Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüşdə qalib gəlməyə yaxın olsalar da, üstünlüyü 90+7-ci dəqiqədə əldən veriblər - 2:2.
Komandamızın heyətində 15 və 45+1-ci dəqiqələrdə Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Həsən Nəzərli fərqlənib.
Seçməmiz beləliklə, 1-ci raundda qrupu 1 xalla sonuncu pillədə başa vuraraq 2-ci mərhələyə yüksələ bilməyib.
U-19 qrupda daha əvvəl İslandiya (0:2) və İrlandiya (0:4) yığmalarına məğlub olmuşdu.