"Qovsalar, gedəcəm" - Jurnalistlərlə De Byazi arasında söz atışması
Futbol üzrə AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan - Estoniya (1:1) oyunundan sonra millimizin baş məşqçisi Canni De Byazi jurnalistlər qarşısına çıxıb.
MediaSport.az saytının arenada olan əməkdaşı xəbər verir ki, komandada işlədiyi dönəmdə heç vaxt etdiyi səhvləri boynuna almayan italyan mütəxəssis media mənsubları ilə gərgin polemikaya girib.
- Birinci hissədə standart vəziyyətlərdə çox aşağı zəif oynadıq. Heç cür oyunumuz alınmırdı, düzgün ötürmələr verə bilmirdik. Ona görə üç əvəzetməyə getdik, komandanı dəyişdik. İkinci yarıda çox yaxşı oynadıq. Daha çoxuna layiq idik. Son dəqiqədəki epizod qol olsaydı, bəxtimiz gətirsəydi, oyunu uda bilərdik. İlk yarıya görə məyus oldum, ikinci hissədən isə çox razıyam.
İlk hissədə də rəqib qapımıza azı 3 qol vura bilərdi. Onda estonların da bəxtləri gətirmədi.
- Razıyam. İlk yarıda onlar bizdən çox yaxşı oynadılar, iki qol da vura bilərdilər. İkinci hissədə yaxşı oynadıq. Burada epizodlardan danışmaq istəmirəm. Amma fasilədən sonra yaxşı oynadıq və qələbəyə layiq idik.
Birinci yarıdan razı qalmadığınızı dediniz. Bəlkə heyəti düz seçmədiyinizi etiraf edəsiz?
- Maraqlı sualdır.. Biz çoxdandır ki, 4-2-3-1 sistemi ilə oynayırdıq. Matçdan qabaq beynimə şübhələr gəlmişdi ki, sistemi dəyişim. Amma sistemi dəyişsəydik, alınmasaydı, siz məni "öldürərdiz". İlk hissədə oyunumuz yaxşı getmədi və komandanı dəyişdik. Bizdə mövsüm qutarıb, çox oyunçular yorğundur. Estoniya bizdən daha hazırdır, çempionatlarının ortasıdır. Estoniya millisi fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Nəticəyə görə məyusam. Amma ikinci yarıdakı oyuna görə razıyam.
Ard-arda qələbələr qazandız, dediniz ki, "bina tikirəm". Sonra ardıcıl 2 oyun məğlubiyyət və bu gün heç-heçə. "Bina"nın axırı necə oldu?
- Sənin kimi insanlar çoxdur. Daha çox yıxılan bir ağacın səsini eşidirsən, nəinki qurulan meşənin.
Azərbaycan xalqı sizdən qələbə gözləyirdi. Düşünmürsüz ki, bundan sonra qələbə olmayacaq və öz prestijinizə görə çıxıb gedəsiz?
- Qrupumuz haqda nə düşünürsən?
Dünən Ermənistan Uelsə qalib gəldi...
- Bizim qrupumuz haqda nə düşünürsüz? Futboldan yaxşı başın çıxır. Neçənci yerə çıxmalıyıq? Biz futboldan danışırıq, yoxsa hansısa barda oturub söhbət edirik? Azərbaycan hara çıxmalıdır? Uğur qazanmaq üçün yaxşı maşının olmalıdır.
Amma ilk gələndə belə demirdiz...
- Siz məndən yaxşı bilirsiz ki, futbol cəmiyyətində nələr baş verir. Az vaxtda bu qədər az futbolçu ilə qısa periodda nəsə etmək çətindir.
Nə qədər vaxt lazımdır?
- Tavana baxır, divarlara baxır...
Qurban Qurbanov İtaliyada belə nəticə göstərsəydi, İtaliya xalqı nə deyərdi?
- Bu nə sualdır?
Bəzən sürücü maşından bezəndə satıb gedir. Amma siz hər dəfə bir bəhanə gətirirsiz.
- Bir şeyi yarımçıq qoyub getmək xarakterimdə yoxdur. Daha güclü komandadan təklif var idi. Müqaviləm olduğuna görə getmədim. Başqa belə suallarınız var?
Getmədim deyirsiz. Getsəniz, nə olacaq ki?
- Əgər getsəm, nə baş verər? Məni qovsalar, gedəcəm.
Elvin