"İki gün ərzində mənə o qədər zənglər gəlib, hamı bunu soruşur"
"Oyun bizim üçün əla keçdi. Uşaqlar çox istəkli idi, motivasiyalı idi. O da nəticəyə kömək oldu, qəşəng nəticədir. Amma bir az da çox qol vura bilərdik. Qazaxıstanla oyuna qədər üç xal qazandıq. Çalışacağıq ki, Qazaxıstana qarşı da bu cür oyun göstərək.
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığma komamdasının baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis DÇ-2024-ün elit raundunun seçmə qrup mərhələsi çərçivəsində Niderland millisi ilə oyundan (6:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Xətai Bağırovun oyunu barədə nə deyə bilərsiz? Sanki səviyyəsindən aşağı çıxış edirdi.
- Yox, heç də səviyyəsindən aşağı çıxış etmədi. Necə lazımdırsa, oynadı. Ona da lazım olan vaxtı ayırdıq.
Rumıniyaya məğlubiyyətdən sonra komandanı bu oyuna hazırlamaq çətin oldu?
- Xeyr, çətin olmadı. Həmin planda işləyirik. Düzdür, Rumıniya ilə matçdan sonra oyunçuların əhval-ruhiyyəsi aşağı düşmüşdü. Çünki Rumıniyadan bütün göstəricilərdə üstün idik. Biz qapıya 22 zərbə vurmuşduq, onlar 8. Sadəcə öz səhvlərimizdən qollar buraxdıq. Bizim epizodlarımız qolla nəticələnmədi.
İsa Atayevin Rumıniya ilə oyundan sonra kənarda qalması nə ilə bağlıdır?
- İki gün ərzində mənə o qədər zənglər gəlib, jurnalistlər məhz bu barədə sual verirlər, başqa yox. Heç bir şey yoxdur. Məşqçilər korpusunun fikri idi ki, İsa Atayev bu oyunda dincəlməli idi. Başqa nəsə yoxdur.
Qapımıza vurulan qol haqda hansı fikirdəsiz? Emin Kürdov hakimə qəti etiraz etdi. Sizcə, top qapı xəttini keçmişdi?
- Yalan deyərəm, görməmişəm. Çünki dayandığım yerdən görünmürdü. Millinin həkimi həmin epizodda ordaydı, dedi ki, qol deyil. Qoldan sonra Emin Kürdov düzgün etmədi, etiraz bildirdi və boş yerə sarı vərəqə ilə cəzalandırıldı.
Bugünkü matçda qapıda Eminin dayanması Rumıniyaya qarşı oyunda Rövşənin oyunundan narazı qalmağınızla bağlı idi?
- İnanın ki, birinci oyunqabağı ən sonuncu seçimi qapıçılardan yana etdik. Çünki ikisi də eyni səviyyədədir. Məşqçilər üçün seçim etmək çətindir. Emini də çoxdan tanıyıram, o da etibarlı qapıçıdır, Rövşən də. Ona görə Rumıniyadakı görüşdə bilmirdi ki, qapıda kim dayanacaq.İnanın bir saat qalmış seçdik. Bu oyunda Eminə şans verdik. Udsaydıq da, 80 faiz Emini qoyacaqdım qapıya. Çünki ikisi də praktikası olmalıdır. Rövşən də Rumıniyaya qarşı yaxşı dayandı. Buraxılan qollarda səhvləri yox idi.
Millini qarşıda Qazaxıstanla matç gözləyir. Bu oyunları həlledici saymaq olar?
- Əlbəttə, bu iki oyundan çox şey asılı olacaq. Qazaxıstan qrupun favoriti sayılır. Həm reytinqd sarıdan, həm də son dünya çempionatında iştirak edib, Avropa çempionatında yaxşı nəticə göstərib. Çətin oyunlar olacaq. Kim onlardan xal ala bilsə, o komanda qrupda öz yerini birinci və ya ikinci pillədə möhkəmləndirəcək.
Manekanı ilk oyunda dəvət etmədiyinizə görə peşmansız?
- O, öz epzidolarından istifadə edən oyunçudur. Maneka "stolba" mövqeyində oynayır. O mövqedə isə bizdə Vilela və Xətai var. Bizə daha çox qaçan oyunçu lazım idi. Şans verdik ona. O da gəldi, sağolsun ki, kömək oldu bizə. SPeşəkar biridir. Srağagün 20 saatlıq yol gəlmişdi, bu cür oynadı. Ona təşəkkür edirik.