"Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa çalışacağıq"
Basketbol üzrə “Sabah” komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqronun “Mornar" komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Mediasport.az xəbər verir ki, makedoniyalı mütəxəssis məğlubiyyət haqda bunları deyib.
“İlk olaraq rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynadılar, çətin vəziyyətlərdə uğurlu atışlar etdilər. Müdafiə xəttimizi rəqibin hücumları qarşısında yaxşı hazırlamağa çalışdıq. Amma hücumlarımızda bəzi çatışmazlıqlar oldu. Məğlubiyyətimizin əsas səbəbi məhz nəzarət edə bilmədiyimiz hücumlar oldu. Azərbaycan üçün ilk tarixi qələbəmizi ev oyunumuzda qazanmağa çalışacağıq".
Qeyd edək ki, təmsilçimiz monteneqrolulara 75:80 hesabı ilə uduzub.
"Sabah" növbəti matçını oktyabrın 25-də Bakıda Türkiyənin "Bağçaşəhər" komandasına qarşı keçirəcək.