Sabiq rəhbəri "Neftçi" haqda danışmaq istəmədi: "Bu dəqiqə bütün fikrim basketboldadır"

Sabiq rəhbəri "Neftçi" haqda danışmaq istəmədi: "Bu dəqiqə bütün fikrim basketboldadır"

Azərbaycan Basketbol Federasiyasının (ABL) vitse-prezidenti Fərrux Mahmudov Mediasport.az saytına müsahibə verib.


ABL-də oktyabrda start götürəcək yeni mövsümdən gözləntiləriniz, hədəfləriniz, planlarınız nədir?

- Yeni mövsümün maraqlı keçəcəyindən əminəm. Yeni reqlamentə əsasən, meydanda 4 əcnəbi və 1 yerli basketbolçu iştirak edəcək. Bu da bizə rəqabətin daha üst səviyyədə olacağından xəbər verir. Hədəfimiz isə çempionatın səviyyəsini illər keçdikcə daha da yüksəyə qaldırmaqdır.

Klub sayının 8-dən 12-yə artırılması haqda nə düşünürsüz? Sizcə, say artımı keyfiyyətə nə dərəcədə təsir göstərəcək?

- Klubların sayını artırmaqda əsas məqsəd basketbolun coğrafiyasını genişləndirməkdir. Məncə, bu addım ölkədə basketbolun daha da populyar idman növü olmasına yardım göstərəcək. Keyfiyyətə gəldikdə isə basketbol həvəskarları daha da rəngarəng, maraqlı və rəqabətli qarşılaşmalar izləyə biləcəklər.

"Cəlilabad"ın "Quba", "Xəzri"nin "Naxçıvan", "Xırdalan"ın isə "Abşeron" adlandırılması hansı zərurətdən yarandı?

- Bu dəyişikliklərdə əsas hədəfimiz basketbolun coğrafiyasını genişləndirməkdir. "Xəzri"nin "Naxçıvan" olaraq fəaliyyət göstərməsi bunun başlıca sübutudur. Cəlilabadda basketbol akademiyamız fəaliyyət göstərir. Basketbol ənənələri olan bu bölgəmiz bizim gələcək planlarımıza daxildir. Əhali çoxluğunu nəzərə alaraq, "Xırdalan" klubunun adını "Abşeron"la əvəzlədik. Komanda ev oyunlarını daha böyük azarkeş kütləsi qarşısında - Abşeron Olimpiya İdman Kompleksində keçirəcək.

Yeni yaradılmış "Ordu" və "Lənkəran" klubları nə vəd edirlər?

- Lənkərana böyük basketbolun gəlməsi cənub bölgəsində bu oyuna olan marağı daha da artıracaq. Onların heyətinə də keyfiyyətli əcnəbi basketbolçular cəlb olunublar. İnanıram ki, "Lənkəran" cənub bölgəsindən olan azarkeşlərin dəstəyini hiss edəcək və "B" qrupunda rəqiblərinə qarşı layiqli mübarizə göstərəcək. "Ordu" klubu da çempionata yaxşı hazırlaşır. Yeni yaranmış klub olaraq, onların bu mövsüm əsas məqsədlərindən biri uğurlu müntəzəm mövsüm keçirmək olacaq.

Azərbaycana çox sayda legioner axınını müşahidə edirik. Federasiya olaraq, sizin bu basketbolçuların səviyyəsini müəyyənləşdirmək imkanlarınız var, yaxud əcnəbilərin ölkəmizə cəlb olunması ilə bağlı hər hansı bir kriteriya mövcuddur?

- Artıq dünya basketbolunda məşqçilərin oyunçuları izləmək üçün əllərində kifayət qədər yaxşı imkanları var. Oyunçuların səviyyələrini statistik göstəricilərə və video görüntülərə əsasən müəyyənləşdirmək daha əlverişlidir. Bundan əlavə, klublarımızın baş məşqçiləri "Sinergy Sports" platformasından istifadə edərək, oyunçuların seçimi barəsində daha ətraflı məlumatlar əldə edirlər.

Sizcə, Azərbaycana bu qədər legioner basketbolçunun gətirilməsi milli komandalarımızın inkişafına nə kimi təsir edəcək?

- Artıq dünya klub basketbolunda limit məsələsi yavaş-yavaş aradan qaldırılmaq üzrədir. Bu ildən biz də "4+1" sisteminə keçirik. Legionerlərin isə çempionatımızda iştirakı oyunlarda mübarizələri daha da kəskinləşdirəcək və rəqabətli edəcək. Üstəlik məşqlər zamanı heyətdə olan 5 yerli basketbolçunun inkişafına da müsbət təsir göstərəcək. Millimizin üzvlərinin əksəriyyəti klubların start beşliyində yer alacaqlar. Bunun inkişafa mənfi təsir edəcəyini düşünmürəm.

"Sabah"ın Çempionlar Liqasında İsveç klubu "Norrçöpinq"lə oyunu, həmçinin qarşıda FİBA Avropa Kubokunda çıxışları barədə fikirləriniz maraqlıdır.

- İsveç çempionu ilə matç başabaş mübarizə şəraitində keçdi. Lakin oyunun sonunda bir az bəxtimiz gətirmədi. FİBA Avropa Kubokunda "Sabah"ın uğurlu çıxış edəcəyinə inanıram.

Ən azı daxilində 1 il olduğunuz "Neftçi" futbol klubu haqda sual verməmək olmaz. Ötən mövsüm rəhbəri olduğunuz "Neftçi" ilə kənardan seyr etdiyiniz "Neftçi"də hansı fərqlər var? Hər halda uşaqlıqdan "Neftçi" azarkeşi olduğunuzu da bilirik.

- Açığı, bu dəqiqə bütün fikrim basketboldadır. Tam olaraq yeni mövsümə, liqaya, milli komandalara fokuslanmışam, işlər çoxdur.

Elvin