"Komanda meydançaya çıxırsa, yalnız qələbə üçün oynamalıdır"
NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, mütəxəssis komandanın yeni mövsümə hazırlığından söz açıb:
"Hazırlıq prosesindən razıyam. İki yoxlama oyunu keçirdik. Oyunçuların, bütün komandanın müsbət və mənfi cəhətlərini gördük. Bu mövsüm ən gənc komandamız olacaq. Ən təcrübəli oyunçumuz 25 yaşlı Əkbər Məmmədovdur. Bütün oyunçular oynamaq üçün böyük bir istəklə gəldilər. Çox ağır çempionat gözləyirəm. Keçən mövsüm autsayderlərə qarşı matçlar da olurdu. Bu il belə olmayacaq. Hər oyun vacibdir. A qrupunda bütün komandalar güclənib, keyfiyyətli legionerlər cəlb ediblər. Yeni limit daha sürətli basketbol deməkdir".
Çalışdırıcı qarşılarına çempionluq məqsədi qoyduqlarını söyləyib:
"Bir çox məşqçilər deyirlər ki, onların məqsədi pley –offa çıxmaqdır. Həmişə bir məqsədimiz olub – çempionluq. Komanda meydançaya çıxırsa, yalnız qələbə üçün oynamalıdır. NTD klubunda hədəflər heç vaxt dəyişməyib. Bəli, çətin olacaq. Liqada "Sabah" kimi komanda var. Onlar avrokuboklarda oynayırlar, güclü legionerlərə malikdirlər. Amma biz yalnız çempionluq üçün oynayacağıq".
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə 18 oktyabrda start veriləcək.