Avropa çempionu olan komandamız Bakıya qayıtdı: "10 ay çox çalışdıq"
Azərbaycanın Avropa çempionu olmuş 16 yaşadək qızlardan ibarət basketbol millisi vətənə qayıdıb.
MediaSport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları federasiya rəsmiləri, idmançıların yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıblar.
Yığma komandamızın baş məşqçisi Evren Alkaya və basketbolçumuz Leyla Allahverdiyeva çempionluqla bağlı təəssüratlarını bölüşüb:
"Biz Avropa çempionatının kubokunu əldə edib, Vətənə qayıtdıq. Bütün idmançılarıma təşəkkürlərimi bildirirəm. Mən onlarla fəxr edirəm. Azərbaycan Basketbol Federasiyasına da bizə göstərdikləri diqqət üçün ayrıca minnətdarlığımızı bildiririk. Bizim qızlarımız çox güclüdürlər. Azərbaycanın qızlardan ibarət U-16 yığması artıq B divizionunda yarışa biləcək. Təbii ki, məşqlərimiz davam edəcək. Daha böyük uğurlara birlikdə imza atmaq üçün hər zaman çox çalışacağıq".
"Hər birimiz qalib olmaq üçün bütün potensialımızdan istifadə etdik. Biz 10 ay ərzində çox çalışdıq. Gündə 2 dəfə olmaqla, məşqlərimiz davamlı şəkildə davam etdi. Həmçinin bir sıra yarışlara qatılıb, təcrübəmizi artırdıq. Bizim çox güclü komandamız var. Hər birimiz bütün potensialımızdan istifadə edərək, qalib olmaq üçün hər şey etdik”.