"Komandada əhval-ruhiyyə yaxşıdır - Bir-birimizlə zarafatlaşırıq"
"Bildiyiniz kimi, yanvarın 3-dən təlim-məşq toplanışındayıq. Komanda bir araya gəlib. Çox gözəl hazırlıq prosesi keçirik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias deyib.
Braziliyalı müdafiəçi klub televiziyasına müsahibəsində hazırlıq prosesi barədə danışıb:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Baş məşqçinin bizdən tələbləri daha çox fiziki cəhətdən lazımi formada olmağımızdır. Ümumi baxanda, futbolçular bir-birinə daha da adaptasiya olur. Bir-birimizlə zarafatlaşırıq. Atmosfer əladır".
29 yaşlı "sambaçı" təlim-məşq toplanışının ona və komanda yoldaşlarına yaxşı təsir etdiyini bildirib:
"Əlbəttə ki, burada keçirdiyimiz məşqlər bizə yaxşı təsir edir. Təkcə fiziki cəhətdən yox, mental baxımdan da. Çünki futbolçular daha çox birlikdə vaxt keçirirlər. Bir-birimizi daha yaxından tanımağa başlayırıq. Bu məqamlar bizə oyunlarda kömək olacaq. Hər birimiz əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, müsbət nəticələr qazanaq".
Y.Matias Misli Premyer Liqasının 19-cu turunda "Sabah"a qarşı keçirəcəkləri görüş barədə düşüncələrini də bölüşüb:
"Qarşıda bizi "Sabah"la oyun gözləyir. Bu matça çox yaxşı hazırlaşırıq. Düşünürəm ki, bu oyuna tam hazır olacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".