Federasiya rəhbəri vitse-prezidenti postundan çıxardı - QƏRARLAR
Azərbaycan Kikboksinq Federasiyasında bugünlərdə Bakıda kikboksçuların iştirakı ilə qeydə alınmış xuliqanlıq hadisəsi ilə əlaqədar iclas keçirilib.
Mediasport.az xəbər verir ki, federasiya prezidenti Orxan Əliyevin qərarı ilə cinayət hadisəsində iştirak etmiş şəxslərlə bağlı bəzi qərarlar verilib.
Hadisəni sifariş verməkdə ittiham olunan Rəmal Aslanov öz ərizəsi ilə vitse-prezident postundan istefa verib.
Federasiyanın nəzdində fəaliyyət göstərən, hadisə iştirakçısı Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv edilib.
Həmçinin, zərərçəkən Fuad Zeynalovun federasiyanın nəzdində məşqçi fəaliyyətinə xitam verilib.
Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, yanvarın 4-də gecə saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov olub.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daha sonra zərərçəkmişin ifadəsi əsasında xuliqanlığı sifariş etməkdə ittiham olunan Rəmal Aslanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.