"Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik"

"Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik"

"İlk dövrədə fiziki baxımdan problemlərimiz var idi. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik".

Mediasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Təcrübəli kapitan klub televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışıb:

“Təzə başlamışıq. Bizdə indi daha çox fiziki məşqlər olur. Çalışırıq ki, bunu yerinə yetirək. İnşallah ki, mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı təsir bağışlayacayıq”.

32 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qaldığına görə məşqlər və oyunlar üçün darıxdığını qeyd edib:

“Zədəmin bərpası bir az uzun çəkdi. Elə bilirdim ki, 1-2 həftədən sonra komandayla məşqlərə başlayacam. Amma bir az problemlər üzə çıxdı. Həm məşqlər, həm də oyunlar üçün çox darıxmışam. Çalışacam ki, formamı bərpa edim və komandama kömək olum”.

E.Mahmudov yanvarın 19-da Premyer Liqanın 19-cu turu çərçivəsində qarşılaşacaqları “Sabah”la görüş haqda da fikirlərini bölüşüb:

“Sabah”la oyunumuza 2 həftə qalıb. Fiziki və taktiki baxımdan hazırlıqlarımızı davam etdiririk. İkinci yarıda daha yaxşı çıxış etməliyik. Çünki kubok oyunlarımız var. Ümid edirəm ki, yaxşı nəticələr olacaq”.