AFFA-nın milliyə gətirmək istədiyi futbolçu "vətən"ə geri qayıtdı
AFFA-nın uzun zamandır milli komandaya cəlb etmək istədiyi Ruslan Fişenko keçmiş klubu “Rodina”ya qayıdıb.
Mediasport.az xəbər verir ki, əslən Azərbaycandan olan 24 yaşlı futbolçunun mövsümün əvvəlində icarə əsasında yollandığı “Çernomores” (Novorossiyk) karyerası qısa sürüb.
Fişenko rəhbərliklə danışaraq vaxtından əvvəl doğma klubuna dönüb.
İdmana taekvondo ilə başlamış Ruslanın 1-ci Liqada yarışan Moskva təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədərdir.
Moskva "Dinamo"sunun akademiyasında parlamış, ÇSKA-nın akademiyasında yetişmiş dayaq yarımmüdafiəçisi vaxtilə U-19 yığmamızın toplanışında iştirak edib.
O, “Rostov”un gənclərdən ibarət komandasında, həmçinin “Veles” (Moskva) və "Ufa"da forma geyinib.