Hidayət 2-ci, baş məşqçisi 1-ci yerdədir - İJF-də ilin "ən"ləri seçilir
Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi sorğuda ilk pillələrdə qərarlaşıblar.
Mediasport.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadada qızıl medal əldə edən Heydərov "İlin cüdoçusu" nominasiyasında 2-ci sıradadır.
Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) isə 7 idmançı arasında 6-cıdır.
Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautman hazırda "İlin məşqçisi" üçün aparılan səsvermədə 1-cidir.
Ötən il Peruda təşkil olunmuş dünya çempionatında qızıl medal əldə edən yeniyetmə cüdoçu Nihad Məmişov (55 kq) "İlin parlayan ulduzu" nominasiyasında ilk pillədədir.
Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının "Uşaqlar üçün Adaptiv Cüdo" layihəsi "Uşaqlar üçün cüdo" kateqoriyasında liderdir.
Zelim Tçkayev (81 kq) və Turan Bayramovun (60 kq) uğurlu fəndləri "İlin ipponu" üçün aparılan sorğuda 20 iştirakçı arasında müvafiq olaraq 10-cu və 14-cü yerdədir.
Səsvermə yanvarın 10-da başa çatacaq.
2024-cü il üçün cüdoda dünyanın ən yaxşıları mükafatları fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində təqdim ediləcək.