Komandamız Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurdu
Qazaxıstanın paytaxtı Astanada keçirilən V Ümumdünya Köçəri Oyunları başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunduğu yarışda ümumilikdə 7 medal qazanıb.
Azərbaycan idmançıları ən böyük uğuru qazaq güləşində əldə ediblər. Bu növdə dörd medal qazanılıb: 2 gümüş və 2 bürünc. Alış güləşində medalların sayı daha iki bürünclə artıb. Yeddinci medal, o da bürünc olmaqla, aba güləşi yarışında əldə edilib.
V Ümumdünya Köçəri Oyunları 89 ölkədən təxminən 2500 iştirakçını bir araya gətirərək, idman və köçəri mədəniyyəti ənənələrinin bayramına çevrilib.
Oyunların proqramına 21 idman növü üzrə yarışlar daxil idi. İdman yarışları ilə yanaşı, etnoaulda hər gün təxminən 100 mədəni tədbir keçirilib və qonaqlar köçəri xalqların zəngin irsi ilə tanış olublar.
VI Ümumdünya Köçəri Oyunları 2026-cı ildə Qırğızıstanda keçiriləcək.