Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib.
O, ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini, bunun nəticəsində beynəlxalq arenalarda uğurlar qazanıldığını qeyd edib.
Vitse-prezident bir neçə gün əvvəl Bolqarıstan paytaxtı Sofiyada başa çatan Avropa çempionatında atletimiz Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb, onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib.
O, federasiya olaraq ağırlıqqaldırma idman növünü bütün ölkə ərazisində inkişafı üçün lazımi addımlar atıldığını, bundan sonra bu prosesin davam etdiriləcəyini, hazırkı yarışın isə bu işdə növbəti təkan olacağını bildirib.
Sonda bu il yubileylərini qeyd edən mütəxəssislər – Elxan Süleymanov və Sədrəddin Kazımova AAF-ın fəxri fərmanı və hədiyyələri təqdim edilib.
Turnirdə ilk olaraq qızlar "körpücük" üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.
Yarışa fevralın 25-də yekun vurulacaq.