"Bizim üçün tarixi qələbə oldu"
"Çox maraqlı və həyəcanlı görüş oldu. Bu cür vacib oyunda qalib gəldiyimiz üçün çox sevinirik, xoşbəxtik".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyanın prezidenti (ABF) Emin Əmrullayev deyib.
O, milli komandamızın dünya çempionatının seçmə mərhələsinin ikinci oyununda doğma meydanda Kosovoya 87:77 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlama verib.
Federasiya rəhbəri bildirib ki, bu cür nəticənin olması Azərbaycan basketbolunun inkişafı üçün müsbət məqamdır:
“Bizim üçün tarixi qələbə oldu. Bu gün arenadakı atmosfer möhtəşəm idi. İnanıram ki, gələcək oyunlarda da bu cür qələbələr qazanacağıq. Bu cür oyunlar bizim üçün yenidir. Artıq kiçik ölkələrin mübarizə apardığı divizionda oynamırıq. Azərbaycanda basketbol inkişaf edir. İstəyirik ki, zal və komanda sayı çox olsun. Əgər klub olarsa, uşaq basketbolu da inkişaf edəcək”.
Azərbaycan Basketbol Liqasının növbəti mövsümündən komandaların sayının artırılması barədə danışan federasiya prezidenti liqada daha çox komandanın iştirak etməsini istədiklərini, əsas məqsədin uşaq basketbolunun inkişafı olduğunu vurğulayıb.