"Komandanın oyununda inkişaf hiss olunur" - "Sabah"ın braziliyalısı
"Sabah"ın 34 yaşlı braziliyalı futbolçusu Kristian Da Silva Mediasport.az saytına müsahibə verib.
Hesabat turunda "Qarabağ"a məğlub olduz, oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun oldu. Fikrimcə, yaxşı çıxış etdik. Bəzi imkanlarımız olsa da, təəssüf ki, dəyərləndirə bilmədik.
Penaltidən yararlana bilməməyinizi oyunun qırılma nöqtəsi hesab edirsiz?
- İndi nəsə demək çətindir. Bəlkə də birinci hissədəki penalti qolla nəticələnsəydi, hər şey başqa cür ola bilərdi.
Bu mövsüm qeyri-sabit çıxış edirsiz. Stabil nəticələrə, ardıcıl qələbələrə nə mane olur?
- Bəli, çempionata yaxşı başlamadıq. Lakin komandanın oyununda inkişaf hiss olunur. İnanıram ki, tezliklə oyunda olan bu irəliləyiş nəticələrdə də öz əksini tapacaq.
Sizin mövqeyinizdə Elvin Camalov, Ayaz Quliyev kimi oyunçular var. Baş məşqçi hamınıza şans verir.
- Bəli, mənimlə eyni mövqedə yaxşı oyunçular çıxış edirlər. Komandada bir mövqedə bir neçə yaxşı oyunçunun olması xeyrimizədir. Hər birimiz əsas heyətdə yer almaq üçün məşqlərdə var qüvvəmizlə çalışırıq.
Növbəti tur ilk dövrədə evdə heç-heçə etdiyiniz "Kəpəz"lə qarşılaşacaqsız.
- Bizi daha bir çətin oyun gözləyir. Bu matçdan maksimum nəticə ilə ayrılmaq üçün həftə ərzində yaxşı hazırlaşmalıyıq. İnanıram ki, bu görüşdən qələbə ilə ayrılacağıq.