"Çölə çıxanda hamı mənə deyir ki, milli niyə belə oynayır?" - MÜSAHİBƏ

"Çölə çıxanda hamı mənə deyir ki, milli niyə belə oynayır?" - MÜSAHİBƏ

"Qarabağ"ın kapitanı Maksim Medvedev mediasport.az saytına müsahibə verib.

Əvvəlcə geridə qalan mövsümü qiymətləndirərdin - yenə çempion olduz.

- Ancaq xoş sözlər demək olar. 10-cu dəfə çempion olduq, 9 çempionluqda mənim payım var. Artıq meydana çıxanda iki ulduzla çıxacağıq. İnsan bundan ancaq xoşbəxt ola bilər. Hər bir komanda bunu edə bilməz. Azərbaycanda iki ulduzu olan ilk komandayıq. 

Mövsümün əvvəlində karyeranla bağlı danışanda demişdin ki, gücüm çatsa, davam edəcəm. İndi hansı fikirdəsən?

- Milli komandaya artıq getmirəm. Bir az vaxtım oldu ki, dincəlim. 14-15 il ərzində eyni qrafikdə oynayırdım. Bir həftə dincəlmək məndə alınmırdı. Ailəm də var. Ona görə də psixoloji tərəfdən stressə düşürdüm ki, artıq dincəlmirəm, oyunlar, uçuşlar, məşqlər... Bu, məni bir az sıxırdı. Millidən bir az uzaqlaşdım. Artıq vaxtım daha çoxdur. Hiss edirəm ki, yalnız bir komandada oynasam, gücüm hələ bir neçə il var. Ona görə bugünkü gündə karyeramı bitirməyi düşünmürəm. Məşqlərdə, oyunlarda gücüm buna imkan verir. Təcrübəm də var.

Yəqin ki, hazırda özünü daha çox mərkəz müdafiəçisi kimi görürsən, nəinki cinah müdafiəçisi.

- Onu heç vaxt demək olmur. Sağ cinahda oynayırdım, qəfildən müdafiənin mərkəzi ilə bağlı problem yarandı və iki il məhz bu mövqedə çıxış etdim. İndi dörd stopperimiz var. Sağ cinahda problemimiz yaranıb, Abbas Hüseynov zədələnib. Yenidən Marko Veşoviçlə eyni cinahda oynayırıq. Bəlkə sabah sol cinahda oynamaq lazım gələcək. Rahatam. Stopper oynamaq daha rahatdır. Çünki sağ cinahda enerjili futbolçulu olmalısan. Bizim komandanın oyun üslubu elədir ki, sağ-sol müdafiəçilər hücuma qoşulmalıdır. “Neftçi” və “Sabah”a baxırsız, onların sağ müdafiəçiləri yerində qalırlar. Nə Höccət Haqverdi, nə də Amin Seydiyev irəliyə gedir. Sırf öz mövqelərində olurlar. Bizdə isə fərqlidir, sağ cinahda oynamaq daha çətindir. Daim irəli gedib, geri dönməlisən.

Səndən əvvəlki kapitan Rəşad Sadıqov futbolçu karyerasını bitirməmişdən məşqçiliyə başladı. Sən bu barədə necə düşünürsən?

- Mən də hiss etsəm ki, karyeramı bitirirəm, gedib məşqçilik kurslarına oxuyacam. O da əgər məşqçiliyə həvəsim olsa. Amma bu barədə çox düşünmürəm. Məşqçi olmaq tamam başqa mərhələdir. Futbola məşqçi kimi gəlirsənsə, əvvəllər futbolçu olduğunu yaddan çıxarmalısan. Sıfırdan məşqçi karyerasını qurmaq və buna hazır olmaq lazımdır. Ona görə bunu çox fikirləşib sonra qərar verəcəm. İndi dəqiq heç nə deyə bilmərəm.

İki övladın da “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında oynayırlar. Onların perspektivi barədə nə deyə bilərsən?

- Potensialları olmasaydı, çoxdan futboldan uzaqlaşdırmışdım. Futbolçu olmaq istəsələr, niyə də yox? Məşq etmək lazımdır. Zaman keçdikcə gördüm ki, uşaqlar peşəkarlaşırlar. Mənim onlara nəsə deməyimə ehtiyac qalmır. Konkret özləri paltarlarını yığırlar, butslarını götürürlər, məşqə gedirlər. Oyunlarının təkrarına videoyazı şəklində baxırlar. Hiss olunur ki, özləri də istəyir. Biri var atası desin ki, get, futbola bax. Amma məndə elə şey yoxdur, uşaqlara azadlıq vermişəm. Gedib oyunlarına baxıram, məşqlərini izləyirəm. Lakin çalışıram ki, heç vaxt işlərinə qarışmayam. Özləri böyüsün. Məşqçiləri var. Hər hansı sualla yaxınlaşsalar, təbii ki, kömək edəcəm. Amma sırf onları özüm kimi futbolçu etmək məqsədim yoxdur.

15-16 il milli komandada oynamısan. İndiki seçmə mərhələyə çox uğursuz başlayan yığma kənardan necə görünür?

- Bura Millətlər Liqası deyil, komandalar tam fərqlidir. Belçika hara, San-Marino hara. Böyük fərq var. Farer adalarına qarşı oynadığımız kimi Belçikaya qarşı oynaya bilmərik. Bunu dərk etsək, işimiz bir az asanlaşacaq. Amma deyirlər ki, biz bunları udacağıq, filan. Deyirlər də, ortalıqda heç nə yoxdur. Çalışmalıyıq ki, ilk növbədə öz oyunumuzu düzəldək. “Qarabağ” da oyunları uduzur, amma insanlar alqışlayırlar. Çünki görürlər ki, futbol oynayırıq. “Qalatasaray”a 1:2 uduzduq, hər kəs dedi ki, “Qarabağ” çox yaxşı oynadı. Doğrudan da komanda oynayır. Biri də var ki, meydana çıxırsan, futbol göstərmirsən. Mən də televizordan oyuna baxanda beş dəqiqəlik televizoru söndürürəm. Çünki oyun yoxdur. Sanki hər şey normaldır, sonradan sınır. Bizim öz sistemimiz, oyun üslubumuz olmalıdır. Tək müdafiədə durub, qabağa çıxıb, qol vuraraq nəsə olmur, gec-tez söhbət bağlanır. Formalaşmış taktikan, sistemin olmalıdır ki, bütün yaş qrupları da onunla irəliləsin və böyüdükdə də artıq nə oynamaq lazım gəldiyi bilinsin. Amma bizdə bir oyun beş müdafiəçi, o biri oyun dörd müdafiəçi, gah üç nəfər dəvət edilmir, gah yeni yeni üç nəfər çağırılır...Bir az belə xaos olanda nəticə də olmur, oyun da. İnanın, çox adam artıq millinin nəticələrinə öyrəşib və hər oyundan qabaq düşünürlər ki, uduzacaqlar. Amma elə adam var, deyir, heç olmasa, milli futbol nümayiş etdirib uduzsun. “Qarabağ”da da birinci dəfə belə idi. Çalışdıq ki, ilk növbədə oyunumuzu quraq. Ondan sonra işlədik və nəticələr gəldi. Nəticə də gələndə sistemə yeniliklər əlavə etmək mümkündür. Lakin millidə oyun üslubu, sistem yoxdur. 5-10 dəqiqə normal oynayırıq, 20 dəqiqə yoxuq. Biz 90 dəqiqə ərzində sistemimizi göstərməliyik.

Xeyli vaxt keçib, səncə, niyə Canni De Byazi sistem tətbiq edə bilmir?

- Çox çətindir. De Byazi futbola bir az başqa tərəfdən baxır, mən sırf oyunçu kimi baxıram. Ya beş müdafiəçi oynayırıq, ya da dörd...

Bugünkü millimiz İsveçə 0:5 uduzmağı haqq edir?

- Onu deyə bilmərəm. Mən özüm pis oluram. Çölə çıxanda hamı mənə deyir ki, milli niyə belə oynayır? Millidə oynayanda da bu sualı verirlər mənə, oynamayanda da. Ki, komanda niyə bu durumdadır? Amma bu komandaya cavabdeh olan Canni De Byazidir. Ondan üst səviyyədə də cavabdeh olan qurumlar var. De Byazi onlara hesabat verir. Onlar hamısı bir yerdə oturub düşünməlidir ki, vəziyyət niyə belədir?

Canni De Byazi demişdi ki, “Qarabağ”dan legionerləri çıxarsaq, onlar eyni futbolu oynaya bilərlər?”. Bu fikir barədə nə deyərdin?

- Azərbaycanın ən yaxşıfutbolçuları “Qarabağ”dadır. Doğrudur, digər komandalarda da yaxşı oyunçular var. Amma çox yaxşı futbolçu bizdədir. Canni De Byazi ilə bir tərəfdən razılaşaram ki, “Qarabağ”ı irəliyə tək azərbaycanlılar daşımır. Yaxşı ki, Abdullah Zubir kimi legionerlərimiz var. Kollektiv şəklində düzgün iş gördüyümüzə görə nəticə var. Qarışdırırsan, nəsə əmələ gəlir. Amma bu o demək deyil ki, bizdə yaxşı legionerlər var və bunlar hamısı onlara görədir.

“Qarabağ” Hamidu Keytanı transfer etdi. Ötən mövsüm ölkə kubokunun “Zirə”yə qarşı final görüşündə ona qarşı maraqlı mübarizəniz olmuşdu. Keyta “Qarabağ”a hansı faydanı verə bilər?

- Düzdür, Keytanı ancaq ona qarşı oynayanda tanıyırdım. Arada-bir transferdən qabaq da Keyta haqda maraqlanırdım. İnsan kimi necə olduğu ilə maraqlanırdım. Çünki o vaxtdan hiss edirdim ki, Keyta bizim aramızda ola bilər. Gördüm ki, pis uşaq deyil. “Qalatasaray”la matçda da bizə kömək etdi. Baxdım, işləyən futbolçudur. Oyununa da baxırsan, hər şeyi var. Bircə qalır istedadını açmaq. Bunu “Qarabağ”da edə bilsə, daha yaxşı performans göstərəcək, nəinki “Zirə”də.

Abdullah Zubirlə eyni mövqedə oynayır. Səncə, üstünlük kimdədir?

- Təbii ki, bugünkü gündə üstünlük Zubirdədir. Məncə, Hamidu potensialını tam ortaya qoymayıb. Onun oyunlarını izləmişəm, sağ və sol cinahda, həm də "10 nömrə" mövqeyində çıxış edə bilir. Ona görə hər mövqedə bizə kömək edə bilər.

Çempionlar Liqasının qrup mərhələsinə bir dəfə düşmüsüz. Amma azarkeşlər yenə bu nəticəni gözləyir. Bu hədəfə çatmaq bir daha mümkün olacaq?

- Hamı deyə bilər ki, hədəfimiz budur. Amma yenə real olmalıyıq və hansı rəqiblərlə qarşılaşacağımızı bilməliyik. Necə oyun olacaq, hansı hava şəraitində keçəcək oyunlar və.s.. Bir az çətindir nəsə demək. Öncə bilək ki, rəqibimiz kimdir. Məşqçilər korpusu həmin komandanı analiz etməlidir, onlar haqda məlumat toplamalıdır. Sonradan futbolçulara bu barədə məlumat verilir və rəqibin bütün epizodlarına baxırıq. Özümüzün də necə oynayacağımıza, necə hazırlaşacağımıza qərar verilir. Bir oyuna hazırlaşmaq üçün əslində 10 gün də bəs etmir. O qədər videolara baxırıq. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdir. Amma tək məqsədlə deyil axı. İstək və işgüzarlıq olmalıdır. Futbolçular dərk etməlidilər ki, biz hansı yolu seçirik. Komandaya legioner gəlirsə, fikirləşmək lazım deyil ki, kiminsə yerinə gətirilib və kimsə ehtiyata gedəcək. Əksinə, ən qısa zamanda ailənin bir üzvü olduğunu göstərməliyik. Çox mehriban olmalıyıq. Hamidu Keyta ilə danışmışam, komandada adaptasiya ilə bağlı heç bir problem olmayacaq.

Elvin