Hakimi təhqir edən məşqçilər beş oyunluq diskvalifikasiya edildilər
AFFA aşağı yaş liqalarında mübarizə aparan komandaların məşqçilərini cəzalandırıb.
Mediasport.az xəbər verir ki, U-15 Liqasında keçirilən "Zirə" - "Kəpəz" matçında qonaqların məşqçisi İlqar Hüseynov köməkçi hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb və İntizam Komitəsi onu 5 oyunluq diskvalifikasiya edib.
"Vətən" - "Sumqayıt" matçında qonaqların məşqçisi Ruslan Poladov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. O, 1 oyun cəzalandırılıb.
U-10 Liqasında keçirilən "Ahmedoğlu" - "Muğan” görüşündə nominal meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, texniki zonadan uzaqlaşdırıldıqdan sonra hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb.