"Mən bura meydan oxumağa, yeni tarix yazmağa gəlmişəm"
Yunanıstanın "Panatinaikos" klubunun yeni baş məşqçisi Fatih Terim təqdimat mərasimində fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, 70 yaşlı mütəxəssis Afina klubunda zamanla dəyişikliyin olacağını diqqətə çatdırıb:
"Mən bura meydan oxumağa, yeni tarix yazmağa gəlmişəm. Klubun prezidenti də mənimlə eyni fikirdədir. Qalib olmaq üçün çempion kimi düşünmək lazımdır. Komandamız böyük ailədir və bu, çempionluq üçün çox vacibdir. "Panatinaikos" azarkeşlərinin nə istədiyini yaxşı başa düşürəm. Bunun üçün çox çalışacaq, çatışmazlıqları qısa zamanda aradan qaldıracağıq. Zamanla dəyişikliyi hər kəs görəcək. Bütün oyunçular çox istəklidirlər".
"İmperator" ləqəbli çalışdırıcı Yunanıstan çempionatında çıxış edən bütün komandaların oyunlarını izlədiyini deyib:
"Çempionluq mübarizəsi AEK, PAOK və "Olimpiakos" da daxil olmaqla 4 komanda arasında gedir. Yunanıstanın avrokuboklardakı ən böyük uğuru "Panatinaikos"a məxsusdur. Biz həmin günlərə qayıtmaq istəyirik".
Xatırladaq ki, Fatih Terim yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.