"O, qətiyyən mərclə bağlı məsələləri yaxınına buraxmamalıdır"
“Nyukasl”ın italiyalı oyunçusu Sandro Tonalinin agenti Cüzeppe Riso futbolçunun adının mərc oyunları ilə hallanmasına münasibət bildirib.
Mediasport.az xəbər verir ki, Riso Tonalinin bu cür məsələlərə diqqət yetirməli olduğunu başa düşdüyünü söyləyib:
“Ümid edirəm ki, bu problem Sandro və eyni problemdən əziyyət çəkən digər gənclərin həyatından birdəfəlik yox olacaq. Tonali bu cür məsələlərə diqqət yetirməli olduğunu başa düşüb. O, qətiyyən mərclə bağlı məsələləri yaxınına buraxmamalıdır”.
Tonali ilə yanaşı, onunla birgə İtaliya milli komandasında çıxış edən Nikolo Zaniolo da qanunsuz mərc oyunlarında iştirak etməklə bağlı ittiham oluna bilər. Hətta İtaliya mətbuatı Sandronun qumar asılılığından qurtulması üçün müalicə alacağını bildirib.