Meydan ritualları azarkeş üçün dəyişməməlidir - o komandaları bura gətirənlər gətirir - KÖŞƏ YAZISI

Meydan ritualları azarkeş üçün dəyişməməlidir - o komandaları bura gətirənlər gətirir - KÖŞƏ YAZISI

Uşaqlıqdan - futbolu müstəqil çözməyə və tərəfimi seçməyə başlayandan (o vaxta qədər "Neftçi" və "Banya" deyib uşaq dilim) Moskva "Spartak"ının oyun üslubunu könlümcə seçib sevərək futbola azarkeşlik etmişəm. Amma Kiyev "Dinamo"suna da məhz üslubuna görə xüsusi rəğbətim olub. Əcnəbi klublardan hər ölkədə bir təqib etdiyim olsa da, "Yuventus"u yenə də məhz elə üslubuna görə könlümcə seçib sevmişəm. Ta idman jurnalistikasına gələnə qədər belə olub...

Elə həmin "mən"imin formalaşdığı uşaq vaxtlarımda stadiona ilk dəfə məhz "Spartak" qonaq gələndə getmişəm.

- Sən "Spartak"a "balet" edəcəksən, bilirəm! - deyə mənə ünvanlanmış dost qənaətinə çiynimi çəkib cavab verməmişəm. Açığı, içimdə "Spartak"ın izi-tozu da qalmadığını hiss edirdim. Çünki o vaxta qədər radioda, televizordakı reportajlarda "Neftçi"lənirdim, əksi heç olmamışdı da. Hərçənd ən yaxşı halda ilk onluğa çıxacağını da hər kəs, elə mənim uşaq ağlım da dəqiq bilirdi.

Hə onu deyirdim axı...Tribunada yerimi alandan sona qədər "Neftçi" deyib bağırmışam, söymüşəm, deyinmişəm, sevinmişəm. Tərzi-hərəkətini sevdiyim birinin qapısına - "Dasayevə vurulan qol" isə məni zirvələrə qaldırıb - futbol özü eşqimə çevrilib. Oyun bitəndən sonra yanımdakıların təəccübü oyunu onlara unutdurub:

- Sən komandanı "satıb" nətəhər futbol sevirsən, tutmadım?!

- Anlamağa nə var ki, o spartakların, dinamoların formasını Banişevski də geyinsəydi, "Neftçi" elə "Neftçi"liyində qalacaqdı. Məni bura "Spartak" gətirməyib ki! O biri həftə də başqası gələcək, amma meydanda yenə "Neftçi" qalacaq...

Bax belə, məncə, meydan ritualları azarkeş üçün dəyişməməlidir - o komandaları bura gətirənlər gətirir. "Qarabağ"ın son illərdəki nəticələri olmasaydı, Türkiyə çempionatı liderinin Bakıda heç iti də azmazdı...

Sözardı:

1.Təəssüf ki, idman jurnalisti olub, əlimə dəftər-qələmi başqa cür alandan peşə xəstəliyi səbəbindən idmanda əsl azarkeşlik nəfəsim korşalıb. Elə, sadəcə, dostluq, qardaşlıq xarakterli olsa da, bu oyunda da dəyişmədi, meydanda bir cüt marağım var idi.

2.Uşaqlıqda hərə özünə oyun vaxtı bir ləqəb seçərdi, mən isə meydanda oynadığım mövqedən asılı olaraq, heç vaxt "Neftçi"dəkilərdən kənar bir ad seçməmişəm. Məsələn, qapıda Dasayev, Zoff pərəstişkarı olsam da, söhbət işə gələndə, elə Kramarenkoydu ki, Kramarenko. Deyək ki, ən bəd halda Aleksandr Tişin, Elxan Rəsulov olmuşam, heç "bakılı" Jidkov, ya Çanov da olmamışam.

3.Ovaxtkı "leylaclar" xatırlayar (Azərbaycanda, ən azı, mən görməmişəm), oynayanda heç kim Xoren, ya Ohanesyan ləqəbini seçməzdi. Seçən meydandan salamat çıxmazdı. Cəmi bircə dəfə bir nəfər zarafatyana, o da hələ oyundan əvvəl, "mən filankəsyanam" demişdi ki... Yazıq meydana Bloxin ayaması ilə çıxsa belə, ayağından ilk zərbəni ilk dəqiqədə alıb, "ay mama..." deyib bağırmışdı. Müntəxabatımızda, öz aramızdır, "qəribə" dövrlər də yer alıb.

... sözümün qənbərqulusu bu yazını məhz indi oxuyanın düşünə biləcəyi kimi varmı, yoxmu, bilmirəm. Kimin kimə azarkeşlik etdiyini dövrə gorə qınamıram, heç marağımda da deyil. Sadəcə, gördüklərim qədimyanə xatirələri canlandırdı, yazmağım gəldi.


BATI YAR