Millimizin yarımmüdafiəçisi: "Beşiktaş” haqda danışmaq tezdir"
"Neftçi"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Konfrans Liqasının "Jelezniçar"la (2:0) görüşündən sonra mediasport.az saytına müsahibə verib...
- Məncə, biz hər iki oyunda "Jelezniçar"dan daha yaxşı oynadıq. Bakıdakı matçda da qələbəmizi qazandıq. Ümumilikdə, layiqli şəkildə qalib gələrək, növbəti mərhələyə adladığımızı düşünürəm. İstəyimizi reallaşdırmağımıza görə şadam".
Son 15 dəqiqədə komanda çox yorğun görünürdü. Bu, hava ilə əlaqədar idi, yoxsa mövsümün startına görə?
- Təbii ki, bura həm mövsümün startı, həm havanı əlavə etmək olar. Üstəlik, biz 2:0 öndə idik və rəqib az da olsa, təzyiq etmək istəyirdi. Məncə, hər şey normal idi. Layiqli qələbə qazandıq.
Hesab 1:0 olanda artıq qalib gələcəyinizə əmin oldun, yoxsa hardasa həyəcan var idi?
- Biz ikinci qolu vuraraq daha rahat olmağa çalışırdıq və bunu da bacardıq. Bu, sevindirici haldır. Doğrudur, üçüncü qolu da vura bilərdik. İstənilən halda mərhələ adlamağımıza görə sevinirik.
Avrokuboklarda çox oyunların iştirakçısı olmusan. “Jelezniçar” kimi futbol oynamayıb, sadəcə meydanda vaxt keçirən, əsəblə oynayan komandalar var.
- Hər komandanın öz oyun üslubu var. Onlar da yaxşı komandadır, döyüşürlər. Bu mentaliteti bilirəm. Xorvatiyada da bu cür güclü oynayırlar. Meydanda vaxt keçirmək normaldır.
İki oyunda da yalançı doqquz nömrə kimi sivri ucda oynadın, necə alındı?
- Məncə, normal alındı. Mənim üçün hücumçu oynamaq problem deyildi. “Neftçi”nin qalib gəlməsi üçün deyilən hər şeyi etməyə çalışdım. Şadam ki, yaxşı alındı.
“Neftçi”nin növbəti mərhələdə rəqibi “Beşiktaş” olacaq. Nə gözləmək olar?
- Hələ “Beşiktaş” haqda danışmaq tezdir. Çünki qarşıda bizi çempionatın startı gözləyir. “Kəpəz”lə oyunumuz olacaq. Biz həmin görüş haqda düşünəcəyik. O oyun başa çatdıqdan sonra isə “Beşiktaş”la matç barədə fikirləşəcəyik.
Adrian Mutunun rəhbərliyi altında ümumilikdə dörd oyuna çıxmısız. Səncə, “Nefçti”də nə dəyişib?
- Məncə, bizdə yaxşı əhval-ruhiyyə var, oyun intizamı var. Hər halda bunu kənardan görmək də olar.
Elvin