"Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq"
“İlk növbədə xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Martın 18-də 24 futbolçu ilə toplanışa başladıq. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün millidən ayrıldı".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Arif əsədov deyib.
Təcrübəli mütəxəssis "FİFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustan yığması ilə matçdan əvvəl keçirilən mətbuat konfransında komanda haqqında fikirlərini bildirib.
Əsədov hər iki görüşdə qarşılarına qalib gəlməyi hədəf qoyduqlarını qeyd edib:
"Aleksey İsayev təcili əməliyyat olunmalıdır, ona görə heyətdən çıxarıldı. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər, matçlara fərqli taktiki gedişlərlə çıxaq”.
O, heyətə çağırılan yeni oyunçular barədə bunları söyləyib:
"Orxan Əliyevin növbəti təlim-məşq toplanışında dəvət alması gözlənilir. Emil Mustafayevin oyunu çoxdandır diqqətimizdədir, keyfiyyət hiss olunur. Ukrayna futbolunun müsbət təsirləri var. Rza Cəfərov çağırılıbsa, deməli, oynamaq şansı da olacaq. Vaxtilə Emil Balayevi gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin kiçik zədəsi var".
Qeyd edək ki, Azərbaycan - Monqolustan qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Millimiz martın 25-də eyni saatda-eyni məkanda Bolqarıstan futbolçularını qəbul edəcək.