"Milliyə təkcə çağırılmaq yox, oynamaq istəyirəm" - Lunyov
“Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Milliyə təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.
Mediasport.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.
Ağdam klubunun tarixində ilk dəfə 1/8 finala yüksəldiyini vurğulayan təcrübəli qolkiper yığmada oynamağa hazır olduğunu qeyd edib.
Lunyov Portuqaliyanın "Braqa" klubu ilə cavab matçından sonra Azərbaycanda hamının bunu bayram etdiyini söyləyib:
"Çox yorğun olduğum üçün Bakıda, küçələrdə nə baş verdiyini görmədim. Gec idi, dərhal evə getdim. Amma bəzi videolara baxmışam, baş verənlər diqqətimi çəkdi. Azarkeşlər xoşbəxt idilər, onlar buna layiqdirlər. Əsl bayram ab-havası var idi".