Laurentsiu Regekampf qələt edib!

Laurentsiu Regekampf qələt edib!

12-15 milyon manatlıq büdcə ilə Bağdagül xalanın da 3-cü yeri qazandıra biləcəyi "Neftçi"də uğursuz işi ilə yadda qalan Laurentsiu Regekampf mövsümün son turunda dilinə yiyəlik edə bilməyib.

Mövsümü çempiondan 22 xal (!) geridə başa vuran, 5-6 ildi yaradılmış "Sabah"dan 13 xal geri qalan Azərbaycanın ən qədim, köklü, titullu klubunda baş məşqçi postunda oturan rumıniyalı mütəxəssis jurnalistin "kuboku qazana bilməsəz, çemodanınız hazırdır?" sualına verdiyi cavab elə axmaqlığın əlamətlərindəndir, nəinki verilən sualın özü.

48 yaşlı mütəxəssis çox böyük qələtə yol verib. Peşə etikasını tapdalayıb, qələt edib "axmaq" ifadəsini işlədib. Qələt edib aldığı "Pro"nun qaydalarını pozub. Normal sual verilib, zəhmət çəkib cavablandırmaq borcudur. Ona züy tutmaq yox, qələtini başa salmaq lazımdır.

Yəqin, ona "qələt"in Azərbaycan dilində tərcüməsinin ana-bacı söyüşü olmadığını deməzlər, qələt xəta deməkdir, qələt səhv deməkdir, qələt yanlış deməkdir. Rege bir də belə qələtə yol verməz, ümid edirik...

Amma tək günahkar da o deyil. Sürünə-sürünə çempionatda 3-cü yeri tutması üçün ona ayda 40 min manat (!) əmək haqqı verən rəhbərləri də azı rumın qədər günahkardırlar. Ona o səlahiyyəti veriblər ki, həddini belə aşıb. Yoxsa bəlkə buraları Rumıniya küçələri hesab eləyib xanımıyla əlbəyaxa olduğu kimi, jurnalistlərlə də "razborka" istəyir, xəbərimiz yoxdu?

Şirvani